QAN YADDAŞI
Qətərdəki Həzrət Aişə məscidində cümə xütbəsində Xocalı soyqırımına geniş yer verilib VİDEO
Bakı, 12 mart, AZƏRTAC
Mənzil qərargahı Qətərdə yerləşən Dünya Müsəlman Alimləri Birliyinin baş katibi və İslam aləminin nüfuzlu din xadimlərindən olan Əli Muhyiddin Əl-Qaradaği Həzrət Aişə məscidində cümə xütbəsində Xocalı soyqırımına geniş yer verib.
Azərbaycanın Qətərdəki səfirliyindən AZƏRTAC-a bildiriblər ki, Əli Muhyiddin Əl-Qaradaği Azərbaycanın Xocalı şəhərində 1992-ci ildə baş vermiş soyqırımı nəticəsində əksəriyyəti qadınlar və uşaqlar olmaqla yüzlərlə müsəlmanın ermənilər tərəfindən qətlə yetirildiyini bildirərək deyib: “Bir gecədə baş vermiş bu soyqırımında əksəriyyəti qadınlar və uşaqlar olan insanların başları kəsilib və cəsədləri təhqirə məruz qalıb. Bunu jurnalistlər bildirirlər. Hətta bir fransız jurnalist bu soyqırımı haqqında çox əhatəli yazı hazırlayıb. 1992-ci ildə törədilən bu soyqırımının şahidlərindən olan həmin jurnalist qeyd edib ki, mən faşizm, nasizm haqqında və onların Avropada və digər yerlərdə etdikləri barədə xəbərdaram. Lakin ermənilərin müsəlmanlara qarşı etdiklərini gördükdə bu vəhşiliyin Hitler və nasistlərin etdiyindən daha qəddar olduğunu bildirdim”.
O, həmçinin cinayətin iştirakçılarından olan və hazırda Livanda yaşayan Daud adlı erməni jurnalistin “Xaç naminə” adlı kitabında yazdıqlarından da sitatlar gətirib.
“Təsəvvür edin, 5-10 yaşlı uşaqların cəsədləri təhqir edilir, onların qulaqları kəsilir. Lakin bu günədək heç kəs erməniləri buna görə ittiham etmir”, - deyən Əl-Qaradaği bütün müsəlmanların həmrəyliyinin zəruriliyini diqqətə çatdırıb.