SİYASƏT


Qətərin Milli İnsan Hüquqları Komitəsinin sədri Ermənistanın Azərbaycana qarşı son təxribatları barədə məlumatlandırılıb

Bakı, 13 oktyabr, AZƏRTAC

Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılov bu ölkənin Milli İnsan Hüquqları Komitəsinin sədri Əli bin Smeyx Əl Marri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, səfir ilk növbədə Dağlıq Qarabağ münaqişəsinin tarixi, işğal altındakı Azərbaycan ərazilərində separatçı rejim tərəfindən beynəlxalq humanitar hüquq prinsiplərinə və insan hüquqlarına zidd olan əməllərin törədilməsini diqqətə çatdırıb. Bu xüsusda, həmin ərazilərin dərhal və şərtsiz azad olunması barədə BMT-nin Təhlükəsizlik Şurasının məlum qətnamələri, uzun illər boyu mövcud olan ATƏT-in Minsk Qrupunun vasitəçilik fəaliyyətinin bu günədək bir nəticə vermədiyini xatırladıb. Xüsusilə qeyd edib ki, Ermənistanın sentyabrın 27-də həyata keçirdiyi təcavüzü nəticəsində Dağlıq Qarabağ münaqişəsinin aktiv fazaya keçməsinə cavab olaraq ölkəmizin silahlı qüvvələrinin həyata keçirdiyi hərbi əməliyyatlar Ermənistan ərazisində deyil, beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınan torpaqlarda aparılır. Eyni zamanda, münaqişə zonasından kənarda yerləşən Gəncənin və ölkəmizin digər şəhərlərinin hədəfə alınaraq yaşayış məntəqələrinə raket zərbələrinin endirildiyi, nəticədə dinc əhali, o cümlədən qadın və uşaqlar arasında ölənlər və yaralananların olması, həmçinin Rusiya Federasiyasının vasitəçiliyi ilə oktyabrın 10-da Moskvada razılaşdırılmış humanitar atəşkəsin Ermənistan tərəfdən kobud surətdə pozulduğu barədə məlumat verib. Bütün yuxarıda sadalananların beynəlxalq insan hüquqları və humanitar hüququn işğalçı Ermənistan tərəfindən pozulması göstəricisinin olduğunu vurğulayaraq bu əməllərin beynəlxalq ictimaiyyət tərəfindən pislənilməsinin vacibliyini söyləyib, müvafiq sənədləri qarşı tərəfə təqdim edib.

Əl Marri verilən məlumata görə təşəkkürünü ifadə edərək, dost Azərbaycanda hazırda baş verən hadisələri, münaqişə zonasında hərbçilər və mülki əhali arasında itkilər, yaralananlar və insan hüquqlarının pozulmasını narahatlıqla izlədiyini bildirib. O, hazırkı münaqişə durumunda Qətərin və bilavasitə rəhbərlik etdiyi qurumun imkanları daxilində Azərbaycana yardımçı olmağa hazır olduğunu diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.