DÜNYA


Qətərin Sudandakı səfirliyi hücuma məruz qalıb

Qətərin Sudandakı səfirliyi hücuma məruz qalıb

Bakı, 20 may, AZƏRTAC

Qətərin Sudandakı səfirliyi qeyri-nizami silahlı qüvvələrin hücumuna məruz qalıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Qətərin Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Qətər Xartumdakı səfirliyinə hücumu və nümayəndəliyə qarşı vandalizm aktını qətiyyətlə pisləyir”, - deyə nazirliyin bəyanatında qeyd olunub.

Məlumata görə, səfirliyin əməkdaşları hücumdan əvvəl təxliyə edilib. Hadisə zamanı diplomatlar və nümayəndəliyin əməkdaşlarından heç kim xəsarət almayıb.

Qətər xarici ölkələrin Sudandakı səfirliklərinin və digər diplomatik nümayəndəliklərinin, həmçinin beynəlxalq təşkilatların mənzil qərargahlarının və mülki obyektlərin mühafizə olunmasını tələb edib. Doha, həmçinin Sudandakı münaqişə tərəflərini təcili olaraq döyüşləri dayandırmağa çağırıb.

Sudanda vəziyyət Suveren Şuraya rəhbərlik edən ordu komandanı Əbdül-Fəttah əl-Burhan ilə onun Şuradakı müavini olan çevik reaksiya qüvvələrinin rəhbəri Məhəmməd Həmdan Daqalo arasında fikir ayrılığı səbəbindən gərginləşib. İki hərbi struktur arasındakı əsas ziddiyyətlər ölkənin vahid silahlı qüvvələrinin formalaşdırılmasının vaxtı və üsulları, eləcə də orduda ali baş komandan vəzifəsinə iddia ilə bağlıdır. Tərəflər arasında silahlı qarşıdurma aprelin 15-də başlayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.