İQTİSADİYYAT
Qətərli nazir: Neftin qiymətindəki bahalaşma psixoloji faktorlar və geosiyasi dəyişkənliklərdən qaynaqlanır
Bakı, 8 oktyabr, Nihad Budaqov, AZƏRTAC
Neftin qiymətindəki yüksəliş psixoloji faktorlar və geosiyasi dəyişkənliklərdən qaynaqlanır.
AZƏRTAC xəbər verir ki, bu barədə “Qatar News Agency”yə müsahibəsində Qətərin energetika və sənaye naziri Mohammed bin Saleh Al-Sada deyib.
O bildirib ki, hazırda bazarda tələb-təklif tarazlığı mövcuddur.
“Neft istehsalının azaldılmasına dair sazişi imzalayan Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələr və bəzi qeyri-OPEC neft istehsalçıları bazarda tələb-təklif tarazlığını təmin etmək üçün inkişafları izləyir. Neft bazarında bir çox hadisə baş verir. Bunlar, neft tədarükü, neftə olan tələbatın artması ilə yaşanan geosiyasi proseslərdir. Bütün bunlar OPEC-in noyabr ayındakı toplantısında nəzərdən keçiriləcək. Neft istehsalının artırılması və ya azaldılmasına dair qərar bazardakı yeni inkişaflar, OPEC-in həyata keçirdiyi analizlər əsas götürülərək veriləcək”, - deyə nazir əlavə edib.
Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Həmin il dekabrın 10-da Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Ötən il noyabrın 30-da OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində təşkilata üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. Cari il iyunun 23-də isə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin IV iclasında hasilat kvotasının 100 faizlik icrası, yəni neft hasilatının sutkada 1 milyon barrel artırılması ilə bağlı razılıq əldə olunub. Azərbaycanın da dəstəklədiyi bu qərar iyulun 1-dən qüvvədədir.