ELM VƏ TƏHSİL


Qətərli şagirdlərin Azərbaycana səfəri təşkil olunub

Qahirə, 1 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfirliyinin təşkilatçılığı ilə Dohada fəaliyyət göstərən “Ajyal” Təhsil Mərkəzinin əməkdaşları və şagirdlər ölkəmizdə səfərdədir.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, qeyri-hökumət təşkilatı olan “Ajyal” Təhsil Mərkəzinin 5 müəllimi və Qətərin müxtəlif yerli orta ümumtəhsil məktəblərində təhsil alan 35 şagirddən ibarət qrupunun Azərbaycana səfəri çərçivəsində qonaqlar Bakı şəhəri Xəzər rayonunun Binə qəsəbəsində yerləşən “Ümid yeri” uşaq sığınacağında olublar.

“Ümid yeri” uşaq sığınacağının rəhbəri Nigar Mənsimova qətərli qonaqları salamlayıb, onları azyaşlılar üçün yaradılmış şəraitlə tanış edib. Sonra mərkəz tərəfindən uşaqlara hədiyyələr, o cümlədən məişət texnikası, kompüter, televizor, geyim əşyaları və s. təqdim olunub. Qonaqlara isə “Ümid yeri” uşaq sığınacağında hazırlanmış Qətərin bayrağı və loqosu təsvir olunan xalça hədiyyə edilib.

Qeyd etmək lazımdır ki, “Ümid yeri” uşaq sığınacağı ilə ölkəmizin Qətərdəki səfirliyi arasında sıx əməkdaşlıq mövcuddur. Belə ki, 2022-ci il avqustun sonunda “Şuşa İli” çərçivəsində Doha şəhərində sığınacaqdakı uşaqların əl işlərindən ibarət sərginin təşkil olunması nəzərdə tutulub.

“Ajyal” Təhsil Mərkəzindən bildiriblər ki, Azərbaycana səfərin məqsədi qətərli şagirdləri xeyriyyə proqramlarına cəlb etmək, onları könüllü təşəbbüslərə həvəsləndirməkdir. Səfər zamanı qonaqların Bakı, Şəki və Qəbələ şəhərlərinə mədəniyyət turu təşkil olunub.

 

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.