SİYASƏT
Qeydiyyatdan keçən dini icmalara şəhadətnamələr verilib
Bakı, 29 noyabr, AZƏRTAC
Noyabrın 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) yeni qeydiyyatdan keçmiş 30 dini icmaya şəhadətnamələr təqdim edilib.
DQİDK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu məqsədlə təşkil edilmiş tədbirdə Dövlət Komitəsinin rəhbərliyi, şöbə müdirləri və yeni qeydiyyatdan keçmiş dini icmaların sədrləri iştirak ediblər.
Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı çıxışında bildirib ki, ümummilli lider Heydər Əliyevin uzaqgörənliklə əsasını qoyduğu və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət-din münasibətləri sağlam prinsiplər üzərində qurulub. Sədrin birinci müavini vurğulayıb ki, ölkəmizdə ənənə halını almış tolerant və multikultural mühit dünyada ən müasir və mütərəqqi cəmiyyət modeli kimi qəbul edilib. Onun sözlərinə görə, dövlətimiz tərəfindən mütəmadi olaraq dini konfessiyalara maddi və mənəvi dəstək göstərilir, müxtəlif etnik qrupların öz dillərini, mədəni dəyərlərini qoruyub saxlamaları, dini inanclarını rahat şəkildə yerinə yetirə bilmələri üçün lazımi şərait yaradılır.
“Respublikamızda ölkə rəhbərliyi tərəfindən mənəvi dəyərlərin təbliğinə, dini maarifləndirmə işinin təşkilinə, eyni zamanda, dindarlara diqqət və qayğı göstərilir. Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması, din xadimlərinə maddi dəstəyin göstərilməsi, dini ibadət yerlərinin tikintisi və ya əsaslı təmiri bu diqqətin bariz nümunəsidir”, - deyə S.Salahlı əlavə edib. Dini radikalizm və xurafatla mübarizə tədbirlərindən də danışan sədr müavini bu sahədə dindarların, o cümlədən dini icmaların üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib.
Sonra çıxış edən Gəncə İmamzadə dini icmasının sədri Tahir Abbasov respublikamızda vicdan azadlığının yüksək şəkildə təmin olunması üçün yaradılan şəraitdən, dini sahəyə göstərilən qayğıdan məmnunluğunu ifadə edib.
Sonda dini icma sədrlərinə qeydiyyat şəhadətnamələri təqdim edilib.