SİYASƏT
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Cenevrədə müqavilə imzalayıb
Şuradan AZƏRTAC-a bildiriblər ki, imzalanma mərasimi Silahlı Qüvvələrə Demokratik Nəzarət üzrə Cenevrə Mərkəzinin İsveçrənin Cenevrə şəhərində yerləşən baş qərargahında keçirilib.
Tədbiri açan Silahlı Qüvvələrə Demokratik Nəzarət üzrə Cenevrə Mərkəzinin rəhbəri səfir Teodor Vinkler Azərbaycan ilə əməkdaşlığa başlamaqdan məmnun olduqlarını qeyd edib. Teodor Vinkler həm Azərbaycanda, həm də İsveçrədə tolerantlıq, multikulturalizm və dünyəvilik kimi dəyərlərə böyük önəm verildiyini bildirib. Təşkilat rəhbəri Azərbaycanın multikulturalizm və tolerantlıq mühitinin qorunması sahəsində zəngin təcrübəsini Avropa və dünya ictimaiyyətinə nümayiş etdirilməsinin zəruriliyini vurğulayıb.
Daha sonra çıxış edən Silahlı Qüvvələrə Demokratik Nəzarət üzrə Cenevrə Mərkəzinin beynəlxalq əlaqələr üzrə direktor müavini Daniel Uorner ilk dəfə ölkəmizə 1995-ci ildə səfər etdiyini qeyd edərək bildirib ki, müasir Azərbaycan iqtisadi və sosial sahədə olduqca böyük uğurlar qazanıb. Bu gün imzalanan müqavilədə nəzərdə tutulan layihə vasitəsilə Azərbaycanın bir çox sahələr üzrə, o cümlədən tolerantlıq, dünyəvilik və multikulturalizmin qorunması yolunda əldə etdiyi nailiyyətlər beynəlxalq ictimaiyyətə təqdim olunacaq.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev rəhbərlik etdiyi qurumun belə bir nüfuzlu beynəlxalq təşkilata qrant vəsaiti ayırmasının önəmini qeyd edib. Layihənin uğurla həyata keçiriləcəyinə əminlik bildirən sədr bildirib ki, bu əməkdaşlıq hər iki ölkə arasında əlaqələrin inkişafına layiqli töhfə verəcək, habelə ortaq dəyərlərin gücləndirilməsinə xidmət edəcək.
İmzalanma mərasimində Azərbaycanın İsveçrədəki səfiri Əkrəm Zeynallı və Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov da iştirak ediblər.