İQTİSADİYYAT
Qeyri-OPEC ölkələrində neft idxalının həcmi sutkada 6,657 milyon barrel olub
Bakı, 23 dekabr, Nihad Budaqov, AZƏRTAC
Bu ilin ilk doqquz ayında Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv olmayan ölkələrdə neft idxalının həcmi sutkada orta hesabla 6,657 milyon barrel olub.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) məlumat yayıb.
Bildirilir ki, 2015-ci ilin müvafiq dövründə bu rəqəm orta hesabla sutkada 6,696 milyon barrel təşkil edib. 2014-cü ilin ilk doqquz ayında isə qeyri-OPEC ölkələrində neft idxalının orta həcmi sutkada 5,895 milyon barrel olub.
Bu il OPEC-ə üzv olmayan ölkələrdə neft idxalının həcmi üzrə ən aşağı səviyyə mart ayında, sutkada 6,426 milyon barrel təşkil edib. EIA-nın proqnozuna görə, cari ilin ilk doqquz ayı ərzində qeyri-OPEC ölkələrində neft idxalının ən yüksək həcmi isə avqust ayında, sutkada 6,888 milyon barrel olub. 2015-ci ildə həmin maksimum göstərici sutkada orta hesabla 6,554 milyon barrel, 2014-cü ildə isə gündəlik 6,004 milyon barrel təşkil edib.
OPEC üzvü olmayan ölkələrdə neft hasilatı hazırda dünya neft istehsalının təxminən 60 faizini təşkil edir.