CƏMİYYƏT


Qeyri-infeksion xəstəliklərlə mübarizə səhiyyə sistemlərinin prioritet vəzifələrindən biridir

Bakı, 6 may, AZƏRTAC

“Ümumdünya Səhiyyə Təşkilatının qeyri-infeksion xəstəliklərin vəziyyəti üzrə sonuncu hesabatına görə, dünyada 41 milyon insan məhz qeyri-infeksion xəstəliklərdən vəfat edib. Bu, qeydə alınan bütün ölüm hallarının 71 faizi deməkdir. İnfeksion xəstəlikləri yaradan əsas səbəblər isə zərərli vərdişlərdir, tütünçəkmədir, spirtli içkilərdən sui-istifadədir, qeyri-sağlam qidalanma və fiziki passivlikdir”.

AZƏRTAC xəbər ki, bu məlumat mayın 6-da Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM ) keçirilən mətbuat konfransında səsləndirilib.

17 may – Ümumdünya Arterial Hipertoniya ilə Mübarizə Günü və qeyri-infeksion xəstəliklərin profilaktikası üzrə Azərbaycanda keçirilən maarifləndirici kampaniya ilə bağlı keçirilən mətbuat konfransında İSİM-in direktor müavini Rahib Məmmədov vurğulayıb ki, müasir dövrdə həm dünya miqyasında, həm də ayrı-ayrı ölkələr səviyyəsində qeyri-infeksion xəstəliklərlə mübarizə səhiyyə sistemlərinin prioritet vəzifələrindən birinə çevrilib. “Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2021-ci il fevralın 2-də təsdiq olunmuş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in əsas məqsədi ölkəmizdə həyata keçirilən birgə və inteqrasiya olunmuş tədbirlər vasitəsilə əhalinin sağlamlığının yaxşılaşdırılmasına, əhalinin orta ömür müddətinin artımına, vətəndaşların uzun ömürlü olmasına və sağlam həyat tərzinin təmin edilməsinə nail olmaqdır”, - deyib. R.Məmmədov səhiyyə işçiləri, ictimai səhiyyə mütəxəssisləri tərəfindən əhali arasında daim təşviqat aparıldığını, insanlara öz sağlamlıqlarına məsuliyyətlə yanaşmağın təbliğ olunduğunu bildirib.

İSİM-in Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov qeyri-infeksion xəstəliklərin müasir dövrün, cəmiyyətin problemi olduğunu nəzərə çatdırdı: “Müasir insanlar, xüsusən inkişaf etmiş ölkələrin sakinləri bu gün zərərli vərdişlərə meyil göstərir, doğru qidalanmır və ən başlıcası isə, az hərəkət edirlər. Ona görə də bununla bağlı tək səhiyyə sisteminin tədbirləri və tibbi xidmətlərin gücləndirilməsi deyil, eyni zamanda, əhalinin maarifləndirilməsi həyata keçirilməlidir. Bu kampaniyanın da əsas məqsədi insanlara tövsiyə etməkdir ki, həyat tərzlərini dəyişsinlər, qan təzyiqinə, qanda şəkərin səviyyəsinə nəzarət etsinlər”.

Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri Üzeyir Rəhimov təəssüflə bildirdi ki, qeyri-infeksion xəstəliklər son illərdə bütün ölkələrdə və o cümlədən Azərbaycanda ən çox xəstələnmə, ölüm və əlilliklə nəticələnən xəstəlikdir: “Amma bu xəstəliklərin qarşısını almaq mümkündür. Qeyri-infeksion xəstəliklərin inkişafına təsir göstərən risk amillərini aradan qaldırmaqla və sağlam davranışı formalaşdırmaqla onların yükünü azaltmaq olar”.

“Servye Azərbaycan” şirkətinin direktoru Rişad Təhməzov vurğuladı ki, arterial hipertenziya bütün dünyada olduğu kimi, Azərbaycanda da geniş yayılıb: “Baxmayaraq ki, yüksək qan təzyiqi ölüm riskləri arasında ən birincidir, bu problemə hələ də əhali tərəfindən lazımi diqqət yetirilmir. Məhz bu məqsədlə Beynəlxalq Hipertenziya Cəmiyyəti tərəfindən təşəbbüs irəli sürüldü və “Çünki belə lazımdır” şüarı ilə dünya ölkələrində təbliğat kampaniyasına başlandı. Burada əsas məqsəd əhalini arterial hipertenziya xəstəliyi və bu xəstəliyin mümkün ağırlaşmaları haqqında maarifləndirmək və qan təzyiqinin ölçülməsinin əhəmiyyətini vurğulamaqdır”.

Sonda kütləvi informasiya vasitələrinin sualları cavablandırıldı və iştirakçılara qeyri-infeksion xəstəliklərin profilaktikası istiqamətində İSİM tərəfindən hazırlanaraq çap edilən maarifləndirici materiallar paylanıldı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.