İQTİSADİYYAT
Qeyri-iş günlərində paytaxtda 42 min kvadratmetr sahədə təmir işləri aparılıb
Bakı, 16 may, AZƏRTAC
9 May - Qələbə Günü və Ramazan bayramı ilə əlaqədar verilən tətil günlərində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən küçə və prospektlərdə cari və orta təmir işləri aparılıb.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə təmir işləri qeyri-iş günlərində gücləndirilmiş iş rejimində olmaqla həyata keçirilib.
Cari və orta təmir işləri paytaxtın Heydər Əliyev, Ziya Bünyadov, Parlament və Mətbuat prospektlərində, Mikayıl Müşfiq, Rəşid Behbudov, Alı Mustafayev və İlqar Musayev küçələrində, həmçinin Şəhər şosesində, Mehdiabad-Digah-Məhəmmədi, Binəqədi-Novxanı və Bibiheybət yollarında aparılıb. Təmir işlərinin görüldüyü ərazilərin sahəsi ümumilikdə 42 min kvadratmetrə yaxındır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən avtonəqliyyat vasitələrinin intensiv hərəkəti və təbii amillər nəticəsində respublika avtomobil yollarının, küçə və prospektlərin hərəkət hissəsində asfalt-beton örtüyünün deformasiyaya uğramış və dağılmış hissələrinin təmir-bərpa işləri qarşıdan gələn istirahət günlərində də davam etdiriləcək.