DÜNYA
Qeyri-leqallara sürücülük hüququnun verilməsini yüngülləşdirən qanun layihəsi qəbul edilə bilər
Vaşinqton, 29 noyabr, AZƏRTAC
ABŞ-ın Nyu-Cersi ştatı qanunvericilərinin təklif etdikləri qanun layihəsinə görə, qeyri-leqallar leqal şəkildə sürücülük hüququ ala və öz avtomobillərini sığortalaya bilərlər.
AZƏRTAC xəbər verir ki, qanun layihəsini baxılması üçün Nyu-Cersi qanunvericilik məclisinin yuxarı palatasına təqdim edən qanunvericilərin fikrincə, bu addım yerli iqtisadiyyatı dəstəkləyəcək. Senator Cozef Vitali bildirib ki, Nyu-Cersi ştatında qeyri-leqal immiqrantların olması gerçəkliyini inkar etmək mümkün deyil. Ştatın digər sakinləri kimi, onlar da maşın sürür, uşaqlarını məktəbə aparırlar. Əgər immiqrantların leqal sürücülük hüququ yoxdursa, deməli, sığortaları da yoxdur. Bu isə o deməkdir ki, onlar qeydiyyata götürülməmiş nəqliyyat vasitələri idarə edirlər. Belə hallar yolda təhlükə yaradır. O deyib: “Əgər siz belə immiqrantla birlikdə qəzaya düşsəniz, sığorta olmadığına görə ziyanın əvəzi ödənilməyəcək”.
Qeyd edək ki, qeyri-leqallara sürücülük hüququnun verilməsi praktikası bir sıra ştatlarda, o cümlədən Kaliforniya, Kolorado, Konnektikut, Delaver, İllinoys, Merilend, Nevada, Nyu-Meksiko, Yuta, Vermont, Vaşinqton ştatlarında və Havay adalarında mövcuddur.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton