İQTİSADİYYAT
Qeyri-rezidentlərin uçotunun təmin edilməsi istiqamətində mərkəzləşdirilmiş platforma hazırlanır
Bakı, 6 iyul, AZƏRTAC
Elektron ticarət sahəsi “Elektron ticarət haqqında” Azərbaycan Respublikası Qanunu və bu sahədə vergitutma ilə bağlı məsələlər isə Vergi Məcəlləsi ilə tənzimlənir. Sözügedən Qanun layihəsinə və Vergi Məcəlləsinə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) elektron ticarət sahəsində vergi tənzimləmələrini özündə cəmləşdirən konsepsiyalar əsasında əlavə və dəyişikliklər layihəsi hazırlanıb.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bu barədə Xidmətin Beynəlxalq vergitutma və vergi monitorinqi Baş İdarəsinin rəisi Orxan Musayev məlumat verib.
Orxan Musayev diqqətə çatdırıb ki, vergi qanunvericiliyinə iqtisadiyyatın rəqəmsallaşmasından yaranan vergi problemlərinin İki-Komponentli həllinə dair OECD-nin Pillar 1 və Pillar 2 yanaşmalarının, o cümlədən, mənfəətin bölüşdürülməsi (profit allocation) və əlaqə (nexus) qaydaları, qalıq mənfəətin (residual profit), minimum qlobal vergi həddinin və vergi dərəcələrinin müəyyən edilməsi tələblərindən irəli gələn dəyişikliklərin edilməsi üzərində müvafiq işlər aparılır: “Elektron ticarətin vergiyə cəlb edilməsi, həmçinin elektron ticarət ilə məşğul olan rezident, xüsusilə də sosial şəbəkələrdə, veb-səhifələr vasitəsilə mal (iş, xidmətlər) təqdim edən və rezident şəxslərin qanunvericilikdə nəzərdə tutulan uçotunun həyata keçirilməsi, həmin şəxslərə vergilərin düzgün hesablanmasına nəzarət edilməsi fəaliyyət istiqamətimizə aiddir. Həmçinin qeyri-rezidentlərin uçotunun təmin edilməsi istiqamətində müvafiq mərkəzləşdirilmiş platformanın hazırlanması üçün də işlər davam etdirilir. Bu həm qanunvericilik bazasının təkmilləşdirilməsi, həm də texniki baxımdan işləri əhatə edir”.