İQTİSADİYYAT
Qəza törədən 175 nömrəli avtobusun daşıyıcısı dəyişdirilir
Bakı, 8 yanvar, Elvin Camalov, AZƏRTAC
Qəza törədən 175 nömrəli avtobusun daşıyıcısı dəyişdirilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Bildirilib ki, yanvarın 13-dən 175 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişinlərə “BakuBus” MMC-yə məxsus sərnişindaşıma ilə bağlı mövcud tələblərə tam cavab verən avtobuslar xidmət göstərəcək.
Dəyişikliyin edilməsinə səbəb 175 nömrəli marşrut üzrə daşıyıcının ciddi nöqsanlara yol verməsi olub. Belə ki, yanvarın 6-da çox sayda insanın xəsarət alması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi də məhz daşıyıcının fəaliyyətində yol verdiyi ciddi nöqsanlardan qaynaqlanıb. Sərnişinlərin təhlükəsizliyinə hər zaman önəm verən Bakı Nəqliyyat Agentliyi tərəfindən hazırda marşrut xətti üzrə fəaliyyət göstərən daşıyıcı ilə müvəqqəti istismara dair müqaviləyə xitam verilib.
Qeyd edək ki, 175 nömrəli marşrut xəttinin hərəkət sxemində də dəyişiklik edilib. Yanvarın 13-dən bu xətt üzrə avtobuslar Hövsan qəsəbəsinin mərkəzindən “28 May” metro stansiyasınadək hərəkət edəcək.
Məlumat üçün qeyd edək ki, 175 nömrəli marşrut xəttinin müvəqqəti istismarının “BakuBus” MMC-ə həvalə edilməsi ilə nağdsız ödəniş sisteminin əhatə dairəsi bir qədər də genişləndirilir. Bununla da nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərən marşrut xətlərinin sayı 21 olacaq.