ELM VƏ TƏHSİL


Qəzali yalnız Şərqin deyil, həm də Qərbin çox böyük dəyər verdiyi görkəmli alim olub

Bakı, 6 noyabr, AZƏRTAC

Noyabrın 6-da Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Əbu Hamid əl-Qəzalinin yaradıcılığına həsr olunmuş “Qəzalinin elm və irfan dünyası” mövzusunda “dəyirmi masa” keçirib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, rektor Ceyhun Məmmədov ölkəmizdə təhsilə, mədəniyyətə, milli-mənəvi dəyərlərin qorunmasına verilən xüsusi önəmdən, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən davam etdirilən dövlət-din siyasətinin uğurlarından danışıb. Dövlət başçısının Sərəncamı ilə Aİİ-nin yaradılmasını bu istiqamətdə atılmış ən vacib addımlardan biri olduğunu nəzərə çatdıran rektor institutun ölkədə həyata keçirilən dini maarifləndirmə işlərində fəal iştirak etdiyini vurğulayıb.

“Dəyirmi masa”da “Qəzalinin yaradıcılığında həqiqət və metod”, “Qəzalinin həyat fəlsəfəsi”, “Qəzali ezoterizmində qəlbin anlamı”, “İslam fəlsəfəsi və kəlamının inkişafında Qəzalinin rolu”, “Qəzali və mənəviyyatımız” və s. mövzularda elmi-fəlsəfi məruzələr dinlənilib və müzakirələr aparılıb.

Qəzalinin yalnız müsəlman Şərqinin deyil, həm də Qərbin çox böyük dəyər verdiyi görkəmli alim olduğunu qeyd edən məruzəçilər bu dahi mütəfəkkirin əsərlərinin hələ XII-XIII əsrlərdən Avropa elmi və dini mühitinə nüfuz etdiyini və məşhurlaşdığını bildiriblər. Tədqiqatçılar Qəzali yaradıcılığının Qərbdə və Şərqdə, o cümlədən Azərbaycanda öyrənilib tədqiq edildiyini vurğulayıblar. Tədbirdə alimin dövrü, müasirləri, irsinin tədqiqat problemləri, rasional və irrasional idrak mövzusuna münasibəti, fəlsəfi-etik, ictimai-siyasi baxışları haqqında da geniş məlumat verilib. Qeyd olunub ki, öz şəxsində və yaradıcılığında elmi irfan, kəlamı fəlsəfə, inamı həyat, sözü əməl ilə birləşdirən Qəzali cəmiyyətlə dövlət, xalqla hakimiyyət arasında əlaqələri möhkəmləndirməyi bacaran dövlət xadimi, sülh və barış elçisi kimi də tanınıb.

Qəzalinin türk dilinə tərcümə olunmuş 4 cildlik “İhyau-ulumid-din” əsərindən danışan tədqiqatçılar onun ibadətlərin, adətlərin, psixoloji və sosioloji amillərin insan şəxsiyyətinə təsiri haqqında mükəmməl bir mənbə olduğunu vurğulayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.