CƏMİYYƏT
Qida Təhlükəsizliyi Agentliyi həyata keçirilən yoxlamalar zamanı yeni elektron sistemin tətbiqinə başlayıb
Bakı, 24 iyun, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması məqsədilə qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə dövlət nəzarəti həyata keçirilir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu məqsədlə qanunla müəyyən edilmiş hallarda və qaydada sahibkarlıq subyektlərində yoxlamalar aparılır, aşkar olunmuş qanun pozuntularının aradan qaldırılması və məhdudlaşdırıcı tədbirlərin tətbiq edilməsi istiqamətində tədbirlər görülür. Həmçinin Agentliyin 1003-Çağrı Mərkəzinə daxil olan vətəndaş şikayətlərinin araşdırılması məqsədilə sahibkarlıq subyektlərində növbədənkənar monitorinqlər keçirilir.
Bu sahədə şəffaflığın və operativliyin artırılması, eləcə də sahibkarların hüquqların qorunması, həmçinin yerlərdə yoxlamaları həyata keçirən əməkdaşların peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən innovativ texnologiyalardan geniş istifadə olunur. Agentlik əməkdaşları tərəfindən keçirilən yoxlamaların gedişatının onlayn qeydə alınması, onun mərkəzdən idarə edilməsi, yoxlama materiallarının planşetlər vasitəsilə mərkəzə ötürülməsi, bütün məlumatların Agentliyin vahid məlumat mərkəzində toplanması və idarə edilməsini təmin etmək məqsədilə yeni elektron sistem istifadəyə verilib.
Yeni sistem vasitəsilə Agentlik əməkdaşlarının sahibkarlıq subyektlərinə daxil olduğu andan etibarən yoxlama yekunlaşanadək prosesi Agentliyin Monitorinq Mərkəzində canlı şəkildə onlayn izləmək mümkün olacaq. Eyni zamanda, daxil olan bütün məlumatların sistem vasitəsilə arxivləşdirilməsi həmin məlumatların mütəmadi təhlilinin aparılmasına, planlı yoxlamalar zamanı məlumatların təkrar istifadəsinə imkan verəcək. Yoxlama zamanı mübahisəli məqam yarandıqda sistemdə toplanan arxiv bazasına daxil olmaqla istənilən informasiyanı qısa zamanda əldə etmək və araşdırmaların şəffaf və operativ həyata keçirilməsini təmin etmək mümkün olacaq. Eyni zamanda, arxivləşdirilmiş məlumatlar müfəttişlərin təlimləri zamanı da əyani vəsait kimi istifadə ediləcək.