CƏMİYYƏT
Qida Təhlükəsizliyi Agentliyi məktəblərdə maarifləndirmə tədbirlərini davam etdirir
Bakı, 21 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi məktəblərdə maarifləndirmə tədbirlərini davam etdirir. “Sağlam məktəbli” layihəsi çərçivəsində növbəti maarifləndirmə tədbiri noyabr ayının 21-də Bakının Xətai rayonundakı 264 nömrəli orta məktəbdə keçirilib.
Bu barədə AZƏRTAC-a agentliyin kommunikasiya və informasiya texnologiyaları şöbəsindən bildiriblər.
Məqsəd şagirdlərə qida təhlükəsizliyi anlayışının aşılanması, məktəblilər arasında qida təhlükəsizliyi vərdişlərinə düzgün riayət olunmasını təbliğ etməkdir. Maarifləndirmə tədbiri Qida Təhlükəsizliyi Agentliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən aparılıb. Tədbirdə 200-ə yaxın şagird və müəllimə qida təhlükəsizliyi, meyvə-tərəvəzin dezinfeksiyası, şokoladın düzgün istehlak qaydaları, süd və süd məhsullarının faydaları barədə məlumatlar verilib.
Qeyd edək ki, AQTA “Sağlam məktəbli” layihəsi çərçivəsində indiyədək beş maarifləndirici tədbir keçirib. Ümumilikdə isə cari il ərzində layihənin doqquz ümumtəhsil məktəbində keçirilməsi nəzərdə tutulur.