CƏMİYYƏT
Qida Təhlükəsizliyi Agentliyi quş əti idxalı və satışı ilə bağlı məsələyə aydınlıq gətirib
Bakı, 2 noyabr, AZƏRTAC
Son günlər bir sıra kütləvi informasiya vasitələrində Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə quş əti və yumurtanın idxal olunması, eyni zamanda, diri quş satışının qadağan olunması ilə bağlı yanlış məlumatlar dərc olunub.
Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yayılan bu cür məlumatlar reallıqdan uzaqdır və həqiqəti əks etdirmir.
AQTA idxal olunan qida məhsullarının qida təhlükəsizliyi baxımından ekspertizasını və bu sahədə dövlət nəzarətini həyata keçirir.
Ötən həftə Quşçular Cəmiyyətinin üzvləri ilə keçirilmiş görüşdə, ölkə ərazisində müvafiq sahə üzrə qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, beynəlxalq standartların tətbiqi və inkişaf etdirilməsi, eyni zamanda, istehlakçıların hüquqlarının müdafiəsi istiqamətində birgə bəyanat qəbul olunub. Bu sahədə tədbirlər görülməsi nəzərdə tutulub.