İQTİSADİYYAT
Qida Təhlükəsizliyi Agentliyi sahibkarlıq subyektlərində monitorinqləri davam etdirir
Bakı, 23 may, AZƏRTAC
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərində maarifləndirmə xarakterli monitorinqlərini davam etdirir.
Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi məqsədini daşıyan monitorinqlərin ikinci günündə AQTA nümayəndələri “Azərbaycan Supermarket” MMC, “Səhliyalı” MMC, “AzProtein Foods Group” MMC və “Zəhmət-Ruzi” MMC-də olub. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində dövlət siyasəti, qarşıya qoyulan tələblər haqqında məlumat verilib.
Müasir standartlara cavab verən, rəqabətə davamlı qida məhsullarının istehsalı, tədarükü, qablaşdırılması və satışının təşkilində istehlakçı hüquqlarının qorunmasının qarşıda duran əsas vəzifələrdən biri olduğu vurğulanıb.
Monitorinq zamanı müəssisə əməkdaşlarına məlumatverici təlimatlar təqdim olunub.