CƏMİYYƏT
Qida Təhlükəsizliyi Agentliyində MÜSİAD Azərbaycan şöbəsi idarə heyətinin sədri ilə görüş olub
Bakı, 23 fevral, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) Azərbaycan şöbəsinin idarə heyətinin sədri Abdurrahman Uzun ilə görüşüb.
Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə agentliyin fəaliyyət istiqamətləri, görülən işlər, müvafiq sahədə sahibkarlığın inkişafı ilə bağlı həyata keçirilən tədbirlər və qarşıya qoyulan hədəflər haqqında MÜSİAD Azərbaycan şöbəsinin idarə heyətinin sədri Abdurrahman Uzuna və dərnəyin idarə heyətinin üzvlərinə ətraflı məlumat verilib.
Sədr agentlik tərəfindən qida sahəsində fəaliyyət göstərən sahibkarların fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə mütəmadi olaraq görüşlərin təşkil edildiyini, sahibkarlıq subyektlərinin və qida məhsulları istehlakçılarının maarifləndirilməsi sahəsində tədbirlərin həyata keçirildiyini qeyd edib.
Görüş çərçivəsində MÜSİAD Azərbaycan şöbəsinin idarə heyətinin sədri Abdurrahman Uzun qısa müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq agentlik tərəfindən sahibkarlıq sahəsində görülən işləri və sahibkarlara göstərilən xidmətləri yüksək qiymətləndirib və onlara öz fəaliyyətində uğurlar arzulayıb.