İQTİSADİYYAT
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Gürcüstanda səfərdə olub
Bakı, 2 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndə heyəti Gürcüstanda səfərdə olub.
Qida Təhlükəsizliyi Agentliyinin Kommunikasiya və İnformasiya Texnologiyaları şöbəsindən AZƏRTAC-a bildirilib ki, Gürcüstanın Milli Qida Agentliyinin fəaliyyəti ilə yaxından tanış olan AQTA əməkdaşları səfər çərçivəsində Tbilisidə yerləşən mərkəzi ofis və Şida-Kartli regionunda olublar. AQTA-nın nümayəndə heyəti burada ət kəsimi yerləri, qida məhsullarının istehsalı ilə məşğul olan müəssisələrin fəaliyyəti, ticarət və ictimai iaşə obyektlərinin sanitar-gigiyenik şəraiti haqqında ətraflı müzakirələr aparıb.
Nümayəndə heyəti dördgünlük səfər çərçivəsində Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən layihələr, Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin laboratoriyası və Milli Şərab Agentliyi ilə də tanış olub.
Səfər çərçivəsində baytarlıq və fitosanitar sahədə həyata keçirilən dövlət nəzarəti ilə də tanış olan agentliyin əməkdaşları, Gürcüstanda bu sahədə aparılan islahatlar barədə məlumat alıb.
Qeyd edək ki, Gürcüstan Milli Qida Agentliyi 2006-cı ildə yaradılıb, 2011-ci ildə isə fəaliyyətə başlayıb.