İQTİSADİYYAT
Qida Təhlükəsizliyi Agentliyinin nümayəndə heyəti Niderland Krallığının təcrübəsi ilə tanış olub
Bakı, 7 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən yaradılmış işçi qrupu və qida sahəsində fəaliyyət göstərən özəl şirkətlərdən ibarət nümayəndə heyəti Avropa İttifaqının “Qida və Yem Məhsullarının Təhlükəsizliyinə Rəsmi Nəzarət Sahəsində Azərbaycan Hökumətinin İnstitusional Bacarıqlarının Gücləndirilməsi” layihəsi çərçivəsində Niderland Krallığına işgüzar səfər edib.
Bu barədə AZƏRTAC-a agentliyin Kommunikasiya və informasiya texnologiyaları şöbəsindən məlumat verilib.
Səfər müddətində nümayəndə heyəti Niderlandın Qida və İstehlak Məhsullarının Təhlükəsizliyi üzrə Səlahiyyətli Qurumunda (NVWA) görüşlər keçirib.
AQTA əməkdaşları qida təhlükəsizliyi və istehlakçı hüquqlarının qorunması sahəsində Niderland Krallığının təcrübəsi ilə tanış olublar.
Bu sahədə tətbiq olunan müasir metodlar, habelə qida təhlükəsizliyinə sistematik yanaşmanın vacibliyi haqqında fikir mübadiləsi aparan nümayəndə heyəti Vageningenin Tədqiqatlar Universitetinin “RIKILT” istinad laboratoriyasının icraçı direktoru Robert fon Qorkom ilə görüşüb, həmçinin laboratoriyanın xidmətləri ilə tanış olub.
Sonda nümayəndə heyəti NVWA-nın iş prosesi ilə tanış olmaq məqsədilə Niderlandın ən iri ət kəsim məntəqəsinə baxış keçirib.