İQTİSADİYYAT
Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri qabaqcıl Avropa təcrübəsini öyrənir
Bakı, 31 may, AZƏRTAC
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən yaradılmış işçi qrupu və qida sahəsində fəaliyyət göstərən özəl şirkətlərdən ibarət nümayəndə heyəti Avropa İttifaqının “Qida və yem məhsullarının təhlükəsizliyinə rəsmi nəzarət sahəsində Azərbaycan hökumətinin institusional bacarıqlarının gücləndirilməsi” layihəsi çərçivəsində Latviya Respublikasında səfərdədir.
AQTA-dan AZƏRTAC-a bildirilib ki, tanışlıq səfərinin məqsədi qida təhlükəsizliyinə nəzarət, qida təhlükəsizliyinin təşkili və tətbiqi, eləcə də mərkəzləşdirilmiş dövlət nəzarəti sistemi daxilində heyvan və bitki sağlamlığı sahəsində qabaqcıl beynəlxalq təcrübə haqqında bilik və bacarıqların artırılmasıdır.
Nümayəndə heyəti səfər çərçivəsində Latviya Respublikasının Qida və Baytarlıq Xidmətində, Dövlət Bitki Mühafizəsi Xidmətində işgüzar görüşlər keçirib və BIOR Qida Təhlükəsizliyi, Heyvan Sağlamlığı və Ətraf Mühit İnstitutunda olub. İşçi qrup daha sonra Qida və Baytarlıq Xidmətinin Valmiera şəhərində yerləşən idarəsində regional səviyyədə qida təhlükəsizliyi və baytarlığa rəsmi nəzarət işinin təşkili və yerli südçülük istehsalı obyektinin fəaliyyəti ilə tanış olub.
Səfər Niderland Krallığının və Belçika Krallığının qida təhlükəsizliyi üzrə məsul qurumlarında davam edəcək.