REGİONLAR


Qida Təhlükəsizliyi Agentliyinin sədri qurumun Bərdə Regional Mərkəzinin iş şəraiti ilə tanış olub

Bakı, 9 iyun, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bölgələrə səfəri çərçivəsində Bərdə şəhərində fəaliyyət göstərəcək qurumun Bərdə Regional Mərkəzinin iş şəraitinə baxış keçirib.

Bu barədə AZƏRTAC-a agentliyin Kommunikasiya və informasiya texnologiyaları şöbəsindən məlumat verilib.

Bərdə Zona Baytarlıq Laboratoriyasının fəaliyyəti, maddi-texniki bazası və əməkdaşların bilik səviyyəsi ilə tanış olan agentliyin sədri aparılan laborator müayinələr zamanı şəffaflığın qorunması və bununla bağlı olaraq vahid elektron bazanın yaradılmasının vacibliyini vurğulayıb.

Daha sonra Q.Təhməzli qida məhsulları sahəsində fəaliyyət göstərən yerli sahibkarlıq subyektlərinin iyulun 1-dən etibarən qeydiyyata alınması prosesinin həyata keçiriləcəyi Bərdə "ASAN xidmət" mərkəzində ayrılmış bölməyə baxış keçirib. O, mərkəzdə fəaliyyət göstərəcək əməkdaşlara əsas məqsədin qida təhlükəsizliyinin təmin olunması və istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətinin həyata keçirilməsi zamanı xidmətlərin keyfiyyətli, rahat və müasir innovasiyaların tətbiqini təmin etmək olduğunu bildirərək qeydiyyatın və dövlət reyestrinin aparılması ilə bağlı göstəriş və tövsiyələrini verib.

Rayon İcra Hakimiyyətinin inzibati binasında sakinlərlə görüşən agentliyin sədri vətəndaşların müraciətlərini, arzu və təkliflərini dinləyib.

Görüşə gələn vətəndaşlar əsasən agentliyin yerli bölmələrində ixtisasa uyğun işlə təmin olunma və digər məsələlərlə bağlı müraciətlər ediblər.

Q.Təhməzli sakinlərlə görüşəndən sonra müvafiq struktur bölmələrin rəhbərlərinə tapşırıqlar verib. Vətəndaşlarla görüşdə dövlətimizin başçısının qida təhlükəsizliyi ilə bağlı son dövrlərdə imzaladığı fərman və sərəncamları diqqətə çatdıran agentliyin sədri həyata keçirilən tədbirlərin qida zəncirinin bütün mərhələlərində istehlakçıların hüquqlarının qorunması, sahibkarlar üçün münbit şəraitin yaradılması və şəffaflığın təmin olunması istiqamətində inkişafa təkan verəcəyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.