İQTİSADİYYAT
Qida Təhlükəsizliyi İnstitutu təlimlərə başlayıb
Bakı, 23 iyul, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən müfəttişlərin bilik və bacarıqlarının artırılması istiqamətində nəzəri və praktiki təlimlərə başlanılıb.
AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a bildirilib ki, keçirilən ilk təlimə Qida Təhlükəsizliyi Agentliyinin Bakı və Sumqayıt şəhərində fəaliyyət göstərən yerli struktur bölmələrinin təftiş qrupunun nümayəndələri cəlb olunub.
İnteraktiv mühitində keçirilən təlim prosesində müfəttişlərə qida zəncirinin bütün mərhələlərində təhlükəsizliyin təmin olunması və risk əsaslı yoxlamalarla bağlı yeni qaydalar və standartlar izah edilib, qida məhsullarından nümunə götürülmə qaydaları əyani olaraq nümayiş etdirilib, həmçinin müfəttişlərin rəy və təklifləri dinlənilərək onları maraqlandıran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda təlimlər mütəmadi olaraq davam etdiriləcək və müsbət nəticə göstərənlər sertifikatla təltif olunacaqlar.