CƏMİYYƏT
Qida Təhlükəsizliyi İnstitutunda növbəti “Açıq qapı” günü keçiriləcək
Bakı, 26 aprel, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyinin “Açıq qapı” layihəsi davam edir. Agentliyin tabeliyində fəaliyyət göstərən Qida Təhlükəsizliyi İnstitutunda vətəndaşlar üçün növbəti “Açıq qapı” günü mayın 7-də saat 11-dən 13-dək keçiriləcək.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, "Açıq qapı" günü yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar məhdudiyyətlər nəzərə alınmaqla keçiriləcək.
"Açıq qapı" gününün keçirilməsində məqsəd vətəndaşların istehlak etdiyi qida məhsullarının institutun laboratoriyalarına qəbulundan başlayaraq son müayinə nəticələrinə qədər keçdiyi mərhələləri əyani şəkildə onlara göstərmək, eyni zamanda, laboratoriyaların imkanları, maddi-texniki bazası və bu sahədə görülən işlərin daha geniş auditoriyaya təqdim edilməsidir.
“Açıq qapı” günlərində iştirak etmək istəyən vətəndaşlar (012) 565 12 72, daxili (206) telefon nömrələrinə zəng edib qeydiyyatdan keçməklə institutun laboratoriyalarına baxış keçirə və qida məhsullarının yoxlanılması prosesində iştirak edə bilərlər.
Qeyd edək ki, bundan əvvəlki “Açıq qapı” günlərində vətəndaşlar və bir sıra media nümayəndələri iştirak edib və qida təhlükəsizliyi sahəsində onları maraqlandıran suallar Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən əyani şəkildə cavablandırılıb.