CƏMİYYƏT


Qida Təhlükəsizliyi İnstitutunun Kompleks Tədqiqatlar Laboratoriyasına infotur keçirilib YENİLƏNİB

Bakı, 13 sentyabr, AZƏRTAC 

Ölkədə istehsal edilən, idxal və ixrac olunan qida məhsullarının, eləcə də aqrokimyəvi və baytarlıq preparatları kimi qeyri–qida məhsullarının, həmçinin qida qablaşdırma materiallarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələrin aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) laboratoriyaları ən müasir cihazlarla təchiz edilib. Laboratoriyaların imkanlarının, maddi-texniki bazasının geniş ictimaiyyətə çatdırılması üçün sentyabrın 13-də İnstitutun Analitik Ekspertiza Mərkəzinin nəzdində fəaliyyət göstərən Kompleks Tədqiqatlar Laboratoriyasına infotur təşkil edilib.

AZƏRTAC-ın məlumatına görə, 30-a yaxın kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi infotur çərçivəsində Kompleks Tədqiqatlar Laboratoriyasının müdiri Fuad Ağayev qeyd edib ki, laboratoriyanın fəaliyyətinin əsas istiqaməti ölkədə istehsal olunan, həmçinin idxal və ixrac olunan qida məhsullarının, qida qablaşdırma materiallarının, aqrokimyəvi maddələrin, baytarlıq preparatlarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələrin aparılmasının təmin edilməsidir: “Təqdim olunan nümunələr üzərində müayinələr beynəlxalq tələb və normalara uyğun olaraq aparılır. Burada dünyanın qabaqcıl ölkələrinin laboratoriyalarında təcrübə keçmiş kimyaçılar, mikrobioloqlar, genetiklər və s. ixtisaslı yüksək peşəkarlığa malik mütəxəssislər fəaliyyət göstərirlər.

Hazırda Kompleks Tədqiqatlar Laboratoriyası müasir tələblərə cavab verən cihaz və avadanlıqlarla təchiz olunmuş müxtəlif təyinatlı 6 bölmədən ibarətdir. Bu bölmələrdə istifadə edilən müasir avadanlıqlar qida məhsullarının, baytarlıq preparatlarının, aqrokimyəvi maddələrin, qida əlavələrinin və qablaşdırılma materiallarının qısa zamanda müayinəsini həyata keçirməyə imkan verir. Ölkəmizdə ilk dəfə məhz Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarında qablaşdırma materiallarından qidalara miqrasiya edən toksikoloji maddələrin miqdarının təyini, uşaq qidalarının, eləcə də qida məhsullarının tərkibində naməlum və ya kənar maddələrin identifikasiyası üçün ən müasir texnologiyalar tətbiq edilir.

Laboratoriyalarda baytarlıq preparatları və aqrokimyəvi maddələrin tərkibi və keyfiyyət göstəricilərinin müayinələri aparılır. Eyni zamanda, qida məhsullarında aqrokimyəvi maddələr, preparatlar, vaksinlər və pestisidlərin qalıq miqdarının sınaqları beynəlxalq standartların tələblərinə uyğun olaraq yüksək dəqiqlik, həssaslıq və seçiciliklə həyata keçirilir”.

F.Ağayevin sözlərinə görə, laboratoriyaların maddi-texniki bazası, burada qurulan ən müasir cihazlar ölkəmizdə ilk dəfə energetik içkilərin komponentlərinin identifikasiya üzrə təyinatların aparılmasına imkan verir. Eləcə də sərinləşdirici və alkoqollu içkilərin toksikoloji tərkibinin müəyyən edilməsi, həmçinin istehsalı zamanı məhsula əlavə edilən kənar maddələrin identifikasiyası AQTİ-nin Kompleks Tədqiqatlar Laboratoriyasında ən müasir üsullarla həyata keçirilir. Həmçinin laboratoriyada qida məhsullarının mikrobioloji və molekulyar bioloji göstəriciləri ən yeni texnologiya olan “Real Zamanlı Polimeraza Zəncirvari Reaksiya” cihazında yoxlanılır.

“Əhalinin sağlamlığının qorunması, təhlükəsiz qida məhsulları ilə təmin edilməsi məqsədilə AQTİ-nin nəzdində fəaliyyət göstərən laboratoriyalar mütəmadi olaraq təkmilləşdirilir və dünyanın ən qabaqcıl texnologiyalarının tətbiq edilməsi üçün maddi-texniki baza zənginləşdirilir. Yaxın gələcəkdə Kompleks Tədqiqatlar Laboratoriyasında ən mürəkkəb sınaqlardan biri olan qida məhsullarında dioksinlər, bifenillər, toksofenlər kimi bir sıra çirkləndiricilərin təyininin, eləcə də kompozit qablaşdırma materiallarında tərkib və toksikoloji müayinələrin aparılması planlaşdırılır. Həmçinin yemlərdə, bitki və heyvan mənşəli qidalarda geni dəyişdirilmiş orqanizmlərin təyini üçün laboratoriyaların yeni avadanlıqlarla təchiz edilməsi və yeni metodların işlənib hazırlanması üzərində işlər davam etdirilir.

Laboratoriyaların xidmətlərindən sahibkarlarla yanaşı vətəndaşlar da yararlana bilərlər. İstehlak etdiyi məhsulun tərkibi, keyfiyyəti və təhlükəsizliyi ilə bağlı şübhələri olan vətəndaşlar Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına müraciət edə bilərlər”, - deyə laboratoriya müdiri qeyd edib.

Laboratoriyanın keyfiyyətə nəzarət şöbəsinin müdiri Aysel Cəlilovanın sözlərinə görə AQTİ-nin laboratoriyaları üç istiqamətdə - heyvan, bitki və qida təhlükəsizliyi istiqamətlərində fəaliyyət göstərir: “Müayinələr zamanı hər hansı bir uyğunsuzluq müşahidə edilərsə, AQTA-ya müraciət edilir və tədbirlər həyata keçirilir. Bildiyimiz kimi, Bakıda sentyabrın 28-dən oktyabrın 18-dək bal yarmarkası keçiriləcək. Hazırda laboratoriyada yarmarkaya çıxarılacaq balın həqiqiliyinin müayinəsi aparılır. Həmin vaxta qədə satışa çıxarılacaq bütün bal məhsulları laboratoriyada yoxlanılacaq. Analiz nəticələri müsbət olmayan nümunələr aşkarlanarsa, AQTA-ya müraciət olunacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.