İQTİSADİYYAT


Qida Təhlükəsizliyi İnstitutunun dövlət qulluqçuları Koreyada təlimdə iştirak edəcək

Bakı, 9 avqust, AZƏRTAC

Koreyada təşkil ediləcək "Baytarlıq preparatlarının və qida məhsullarının keyfiyyətinə nəzarətin gücləndirilməsində kromatoqrafiyanın müasir üsullarının tətbiqi" mövzusunda Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) ölkə üzrə CIAT Təlim Proqramında iştirak edəcək Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Qida Təhlükəsizliyi İnstitutunun 10 dövlət qulluqçusu üçün avqustun 9-da təqdimat görüşü keçirilib.

KOICA-dan AZƏRTAC-a bildirilib ki, ölkə üzrə təlim proqramları hər bir resipient ölkə üçün ayrıca hazırlanır, həmin ölkənin reallıqlarını və tələblərini özündə əks etdirir. Təlim avqustun 19-dan sentyabrın 1-dək davam edəcək. Təlim proqramının məqsədi Koreyada heyvandarlıq məhsulları və ümumi qidalar üçün keyfiyyətə nəzarət siyasətlərini, texnikalarını və sahə tətbiq üsullarının müəyyənləşdirilməsi, kənd təsərrüfatı və heyvandarlıq məhsullarının keyfiyyətinə nəzarət üzrə analitik bacarıqların, eləcə də Azərbaycanda heyvandarlıq məhsulları və ümumi qidaların keyfiyyətinə nəzarət üzrə rəqabətqabiliyyətinin gücləndirilməsi və gələcəkdə hər iki ölkə arasında qida keyfiyyətinə nəzarət sahəsində əməkdaşlığın möhkəmləndirilməsindən ibarətdir.

Koreyada keçiriləcək 14 günlük təlim zamanı iştirakçılar Koreya Respublikasının Təhlükənin Təhlili və Kritik Məntəqələrin (HACCP) Akkreditasiyası və Xidməti Agentliyi, Yerli Kənd Təsərrüfatı Qidalarının İstehsalı Mərkəzi, Süd Məhsullarının Təhlili Mərkəzi, Qida və Dərman Təhlükəsizliyi Nazirliyi, Hankyong Dövlət Universitetinin Təhlil Mərkəzinə səfər etməklə və mühazirələr dinləməklə Koreyada kənd təsərrüfatı və heyvandarlıq məhsullarının keyfiyyətinin idarə edilməsi, həmçinin kənd təsərrüfatı və heyvandarlıq məhsullarının keyfiyyət təhlilinin idarə olunması üzrə nəzəri və praktiki təcrübə əldə etmək imkanı qazanacaq.

Görüşdə KOICA Azərbaycan nümayəndəliyinin direktoru xanım Park Kumok təlimin Koreyanın inkişaf təcrübəsinin öyrənilməsi və əldə edilən təcrübənin Azərbaycanın dayanıqlı inkişafına tətbiq edilməsi üçün əla fürsət olduğunu vurğulayıb. Bildirib ki, təlim iştirakçıları Koreyanın mədəniyyəti, iqtisadiyyatı, siyasəti və tarixi barədə də öyrənə biləcəklər.

KOICA Azərbaycan nümayəndəliyinin təlim üzrə koordinatoru xanım Pərvin Qarazadə iştirakçılara sağlamlıq və səyahət sığortası, qalma yeri, günlük məvacib, KOICA-nın qayda və qanunları barədə qısa məlumat verib.

Təlim iştirakçıları isə öz növbəsində Koreya hökumətinə minnətdarlıqlarını bildirib və iki ölkə arasında mövcud dostluq, əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində yaxından iştirak edəcəklərini vəd ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.