CƏMİYYƏT


Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyaları “Balda keyfiyyət göstəriciləri” üzrə səriştəlilik test proqramında yüksək nəticə göstərib

Bakı, 18 sentyabr, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun nəzdində fəaliyyət göstərən Milli Referens Laboratoriyasında bal və arıçılıq məhsullarında keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə orqanoleptik, reduksiyaedici şəkər, suyun kütlə payı, diastaza ədədi, qlükoza, fruktoza, saxarozanın ayrı-ayrılıqda kütlə payı, qlükoza və fruktoza cəmi, elektrik keçiriciliyinin səviyyəsi, hidroksimetilfurfurolun miqdarı, hidroksimetilfurfurolun keyfiyyət analizi, mexaniki qarışıqlar, qıcqırma əlaməti, sərbəst turşuluq, eyni zamanda, təhlükəsizlik göstəricilərindən ağır metallar, radionuklidlər, pestisid qalıqları, antibiotik qalıqları və digər sınaqlar həyata keçirilir.

İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, sınaqlar ən müasir cihaz və avadanlıqlarla Amerika Kimyaçılar Birliyi Assosiasiyası metodları əsasında aparılır. Belə ki, balda 200 adda pestisid qalığı və 18 adda antibiotik qalığı İkiqat Kütlə Spektrometrli Maye Xromotoqrafı cihazı vasitəsilə təyin edilir. Balın keyfiyyət göstəriciləri olan saxaroza, fruktoza və qlükozanın təyini Randox cihazı ilə həyata keçirilir. Həmin cihaz nəticələrin daha qısa vaxtda əldə edilməsinə imkan verir. Laboratoriyada saxarozanı spekrtofotometrik metodla da təyin etmək mümkündür.

Sınaq metodlarının düzgünlüyünü və sınaq nəticələrinin etibarlılığını təmin etmək üçün laboratoriyada tətbiq edilən metodlar validasiya edilmiş, həmçinin müayinə zamanı istifadə edilən sınaq və ölçü vasitələri metroloji baxışdan keçirilib. Bu il laboratoriya bal məhsullarında müayinə parametrləri üzrə Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən qeydiyyata alınıb. Qida Təhlükəsizliyi İnstitutunun Milli Referens Laboratoriyasında balda keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə beynəlxalq qeydiyyatın alınması üçün Beynəlxalq Akkreditasiya Qurumuna müraciət edilib.

Qeyd etmək lazımdır ki, Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyaları mütəmadi olaraq personalın səriştəliliyinin artırılması məqsədilə təlimlərdə və beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirak edir. Belə ki, bu ilin martında İnstitutun nəzdində fəaliyyət göstərən Milli Referens Laboratoriyası 45-dən çox xarici laboratoriyanın da iştirakçısı olduğu İngiltərənin FAPAS şirkətinin “Balda keyfiyyət göstəriciləri” üzrə təşkil etdiyi səriştəlilik test proqramında “Nəmlik, qlükoza, fruktoza, saxaroza, sərbəst turşuluq, HMF və diastaza ədədi” parametrləri üzrə iştirak edib və ən yüksək nəticə göstərən laboratoriyalar sırasında yer tutub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.