CƏMİYYƏT
Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri Avropa təcrübəsi ilə tanış olublar
Bakı, 6 iyul, AZƏRTAC
Qida təhlükəsizliyi, bitki sağlamlığı və heyvan sağlamlığı sahəsində qabaqcıl ölkələrin təcrübəsinin öyrənilməsi, habelə qarşılıqlı bilik və təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədilə Qida Təhlükəsizliyi İnstitutunun beynəlxalq təşkilatlarla və xarici ölkələrin analoji qurumları ilə əməkdaşlığının genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Qida Təhlükəsizliyi İnstitutu əməkdaşları ilə Avropa Qida Təhlükəsizliyi Qurumunun (EFSA) əməkdaşları arasında videokonfrans formatında növbəti görüş keçirilib.
İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, görüşün əsas məqsədi “Qida istehlakı məlumat bazası” üzrə Avropa təcrübəsinin öyrənilməsi olub. Görüşdə EFSA əməkdaşları Avropa İttifaqı ölkələri üçün keçirdikləri sorğu haqda təqdimat nümayiş etdiriblər.
Təqdimat zamanı “Qida istehlakı məlumat bazası”nın əhəmiyyəti vurğulanıb və qeyd olunub ki, baza təhlükəli maddələrə məruz qalmanın qiymətləndirilməsində, gündəlik qida qəbulunun miqdarının müəyyən edilməsində, qidaya əsaslanan pəhriz qaydalarının hazırlanmasında və digər məsələlərin qiymətləndirilməsində mühüm rol oynayır.
Daha sonra qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahədə mövcud vəziyyət ilə bağlı geniş fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlığın perspektivləri nəzərdən keçirilib.