Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri özəl laboratoriya əməkdaşlarına təlim keçiblər
AzerTAg.az
Bakı, 14 may, AZƏRTAC
Qida Təhlükəsizliyi İnstitutu qida, heyvan və bitki sağlamlığı sahəsində çalışan mütəxəssislərin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə mütəmadi təlimlər təşkil edir. Bu sahədə növbəti təlim yeni fəaliyyətə başlayan “Fito Lab” özəl laboratoriyasının əməkdaşları üçün keçirilib.
İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, təlim “Bitki və bitkiçilik məhsullarında rast gəlinən zərərverici və fitopatogen xəstəliklərin aşkarlanması və təyini” mövzusuna həsr olunub.
Təlimdə laboratoriya əməkdaşlarına fərdi və ixtisaslarına uyğun olaraq, “Zərərverici həşərat və gənələr”, “Alaq otu və toxumları”, “Fitopatogen nematodların aşkarlanması və morfoloji üsulla təyini”, “Fitopatogen göbələk və bakteriyaların klassik mikrobioloji və molekulyar bioloji üsulla təyini”, “Fitopatogen virus xəstəliklərinin ELİSA və PZR cihazları ilə təyini” kimi istiqamətlər üzrə nəzəri və praktiki biliklər verilib. Eyni zamanda özəl laboratoriyanın nümunə qəbulu, keyfiyyətə nəzarət üzrə mütəxəssisləri və laborant vəzifəsində çalışan əməkdaşları da uyğun sahələr üzrə təlimatlandırılıblar.
Bir ay davam edən təlim başa çatandan sonra iştirakçılara Qida Təhlükəsizliyi İnstitutunun müvafiq sertifikatları təqdim olunub.

Xəbərin mətnində orfoqrafik səhv var