CƏMİYYƏT
Qida sahəsində fəaliyyət göstərən 24 müəssisədə nöqsanlar aşkarlanıb
Bakı, 5 dekabr, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, dekabrın 2-də respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 34 ticarət müəssisəsi və 5 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 24 müəssisədə nöqsanlar aşkar olunub.
Həmin müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə əlaqədar 23, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 4 nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla əlaqədar qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Yoxlama nəticəsində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı nöqsanlar aşkar edilmiş müəssisələr haqqında http://afsa.gov.az/az/media/news_details/3644 linki vasitəsilə məlumat almaq mümkündür.