CƏMİYYƏT
“Qida təhlükəsizliyi hamının işidir” şüarı ilə tədbirlər keçirilir
Bakı, 7 iyun, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı nümayəndəliyi ilə birgə Ümumdünya Qida Təhlükəsizliyi Günü münasibətilə silsilə maarifləndirici və sosial məsuliyyət tədbirləri həyata keçirib. Həmin tədbirlər çərçivəsində istehlakçılara və sahibkarlara həm sosial şəbəkələr, həm kütləvi informasiya vasitələri, həm də digər kommunikasiya vasitələri ilə müxtəlif mesajlar ötürülüb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, mövzu ilə əlaqədar nəfis tərtibatda çap materialları hazırlanaraq ölkə üzrə qida zənciri boyu fəaliyyət göstərən 1000-dən artıq müxtəlif sahibkarlıq subyektlərində yerləşdirilib. Çap materialında qida təhlükəsizliyinin təmin olunmasında iştirak edən tərəflərin məsuliyyəti və üzərlərinə düşən vəzifələr diqqətə çatdırılıb.
Sosial şəbəkələrdə videomüraciətlə çıxış edən Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli mövzunun aktuallığını nəzərə çatdıraraq qida təhlükəsizliyinin təmin olunmasında iştirak edən tərəfləri kampaniyaya qoşulmağa dəvət edib. Hökumət nümayəndələri və müxtəlif beynəlxalq qurumların rəhbərləri çağırışa qoşularaq, hər kəsin qida təhlükəsizliyi prosesində iştirakının vacibliyini qeyd ediblər.
Ümumdünya Qida Təhlükəsizliyi Günü həmin təhlükələrə diqqət çəkmək üçün Kodeks Alimentarius Komissiyasının, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO), Ümumdünya Səhiyyə Təşkilatının təşkilatçılığı ilə qeyd edilir. Bu il dünyanın diqqətini qida təhlükəsizliyi mövzusuna çəkmək üçün Ümumdünya Qida Təhlükəsizliyi Günü “Qida təhlükəsizliyi hamının işidir” şüarı ilə keçirilir.