CƏMİYYƏT
Qida zəhərlənməsi ilə bağlı cinayət işi başlanıb
Bakı, 5 sentyabr, AZƏRTAC
Şabran şəhər sakinləri Rövşən Qasımov, Qəşəm Məmmədov, Fəyyaz Qasımov və Mehman Dünyamalıyev sentyabrın 3-də “qida zəhərlənməsi” diaqnozu ilə Şabran rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aparılmış araşdırmalarla həmin şəxslərin sentyabrın 2-də Şabran şəhəri ərazisində fəaliyyət göstərən “Gilavar” kafesində özləri ilə gətirdikləri və şəhər sakini Fuad Məcidova məxsus ərzaq mağazasından alınmış hisə verilmiş balığı yedikdən sonra səhhətlərində yaranmış problemlə əlaqədar xəstəxanaya müraciət etdikləri müəyyənləşib.
Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən ərzaq mağazasından hisə verilmiş balıq nümunələri götürülərək laborator müayinəsinə göndərilib.
Fakta görə rayon polis şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 200.3-cü (bilə-bilə pis keyfiyyətli məhsulların istehsalı, satışa buraxılması və ya belə məhsulların satışı, onların keyfiyyətsiz olmasının gizlədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İnsanların zəhərlənməsinin səbəblərinin və digər halların müəyyənləşdirilməsi məqsədilə müvafiq ekspertizalar təyin olunub.
Hazırda iş üzrə təqsirkar şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq hərəkətləri davam etdirilir.