ELM VƏ TƏHSİL
Qiqel Paraşiv: Azərbaycan və Rumıniya universitetləri arasında yeni əlaqələr yaranır
Bakı, 24 may, Xatirə Cəfərova, AZƏRTAC
Bakıda keçirilən Azərbaycan-Rumıniya Təhsil Forumu ölkələrimizdə təhsil sistemlərinin islahatı sahəsində təcrübə mübadiləsi üçün bir fürsətdir.
AZƏRTAC xəbər verir ki, bunu Rumıniya təhsil nazirinin müavini Qiqel Paraşiv jurnalistlərə müsahibəsində deyib.
Q.Paraşiv qeyd edib ki, forum çərçivəsində ali təhsil müəssisələri arasında əməkdaşlıq haqqında sənədlər imzalanıb. İki ölkənin təhsil nazirliklər arasındakı əməkdaşlığa Rumıniyada təhsil almaq istəyən azərbaycanlı tələbələrə təqaüd verilməsi də daxildir.
Q.Paraşiv bildirib ki, Azərbaycan və Rumıniyanın təhsil sahələri üzrə ekspertiza həyata keçiriləcək. Bunun nəticələrinə əsasən, əməkdaşlığın perspektivləri müəyyənləşdiriləcək.
Nazir müavini qeyd edib ki, universitetlərimiz arasında yeni əlaqələrin yaradılması tələbə və müəllimlər üçün əlverişli imkanlar yaradır.