MƏDƏNİYYƏT


Qırğız Respublikası ilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu arasında gələcək tərəfdaşlıq münasibətləri müzakirə edilib

Bakı, 21 iyun, AZƏRTAC

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türkiyədə keçirilən Antalya Diplomatiya Forumu çərçivəsində Qırğız Respublikasının xarici işlər naziri Ruslan Kazakbayevlə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Günay Əfəndiyeva Fondun qurucu üzv ölkəsi olan Qırğızıstanla əməkdaşlıq və dostluq əlaqələrinin təşkilat üçün əhəmiyyətindən söz açıb. G.Əfəndiyeva rəhbəri olduğu təşkilat tərəfindən türkdilli xalqların, o cümlədən qırğız xalqının qədim tarixinin, mədəniyyətinin təbliği, Qırğızıstanın görkəmli şair və yazıçılarının zəngin yaradıcılıqlarının daha geniş auditoriyalarla tanış etdirilməsi məqsədilə müxtəlif tədbirlərin, o cümlədən konfransların, dəyirmi masaların keçirildiyini diqqətə çatdırıb. O, nümunə kimi Fond tərəfindən 2018-ci ildə Azərbaycanda dünya şöhrətli yazıçı Çingiz Aytmatovun 90 illik yubileyinin qeyd edildiyini bildirib. Günay Əfəndiyeva eyni zamanda, Fondun hərtərəfli fəaliyyət göstərməsi üçün Qırğızıstan tərəfindən təşkilatın sənədlərinin ratifikasiya prosesinin tamamlanmasının vacibliyini vurğulayıb.

Qırğız Respublikasının xarici işlər naziri Ruslan Kazakbayev Fondun fəaliyyətini yüksək qiymətləndirib. Nazir Türk Dünyasının maddi-mədəni irsinin qorunması və beynəlxalq aləmdə tanıdılması istiqamətində Fondun aktiv iştirakını təqdir edib. Ruslan Kazakbayev Fondun fəaliyyəti ilə bağlı lazimi sənədlərin Qırğızıstan tərəfindən təsdiqinin sürətləndirilməsinə dair müvafiq işlərin aparılacağını və yaxın zamanda tamamlanacağını qeyd edərək, təşkilatın keçirdiyi layihələrə dəstək verəcəyini bildirib.

Görüş Qırğız Respublikası ilə təşkilat arasında gələcək tərəfdaşlıq münasibətlərinin daha da genişləndirilməsinin perspektivləri ilə bağlı fikir mübadiləsi ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.