İDMAN
Qırğız Respublikasının Çolpon-Ata şəhərində Dünya Köçəri Oyunlarının rəsmi açılış mərasimi keçirilib VİDEO
Dünya Köçəri Oyunlarına Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılovun rəhbərliyi ilə 40 nəfərdən ibarət nümayəndə heyəti qatılıb.
Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev mərasimi açaraq köçəri oyunlarında böyük nümayəndə heyətləri ilə təmsil olunduqlarına görə Türkiyə, Azərbaycan və Qazaxıstan prezidentlərinə minnətdarlığını bildirib. Dövlət başçısı deyib: “Gözəlliyi və təkrarolunmazlığı ilə seçilən köçəri oyunları köçəri xalqlarının tarixini, adət-ənənələrini, məişətini və mədəniyyətini əks etdirir. 2012-ci ildə Bişkekdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşündə köçəri oyunlarının keçirilməsi təşəbbüsü bəyənilmişdi. Əminəm ki, köçəri oyunları xalqlarımız arasında dostluğu və qarşılıqlı anlaşmanı gücləndirəcək, mədəni əməkdaşlığın gələcək inkişafına təkan verəcək”.
Azərbaycan idmançıları Dünya Köçəri Oyunlarında altı növ üzrə güclərini sınayacaqlar.
Açılış mərasimi teatrlaşdırılmış səhnələr və konsert proqramı ilə başa çatıb.
Qırğızıstan Prezidenti adından qonaqlara ziyafət verilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Çolpon-Ata