SİYASƏT
Qırğız Respublikasının parlamenti Türk Akademiyasının yaradılması haqqında Sazişi paraflamışdır
Bişkek, 25 iyun (AZƏRTAC). Qırğız Respublikasının parlamenti Joqorku Keneş Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə hökumətləri arasında Türk Akademiyasının yaradılması ilə bağlı imzalanmış Sazişi paraflamışdır.
Parlamentin mətbuat xidmətindən verilən məlumata görə, Akademiyanın yaradılmasından məqsəd türkdilli dövlətlərin tarixi, mədəniyyəti, etnoqrafiyası ilə bağlı elmi-tədqiqat işlərinin aparılmasıdır.
Sənəddə qeyd olunur ki, Akademiyaya tərkibi hər il təzələnən Elmi Şura rəhbərlik edəcəkdir. Şuranın sədri 4 il müddətinə seçiləcəkdir.
Türk Akademiyası Qazaxıstanın Astana şəhərində yerləşir. Layihənın birinci hissəsini Qazaxıstan maliyyələşdirdiyi üçün Şuranın birinci sədri bu ölkənin nümayəndəsi olacaqdır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek