SİYASƏT


Qırğız polkovnik: Azərbaycan torpaqları işğaldan azad olunduqca mən də azərbaycanlılar qədər sevinirdim

Bişkek, 17 iyun, AZƏRTAC

Bir hərbçi kimi Qarabağ münaqişəsinin tarixi ilə həmişə maraqlanmışam. O torpaqlar mənim üçün Vətən qədər əzizdir, çünki bu ərazilər türk torpaqlarıdır. 1990-1991-ci illərdə SSRİ daxili qoşunlarının tərkibində Qarabağda xidmət etmişəm, o torpaqların havasını udmuşam, çörəyini yemişəm, suyunu içmişəm.

Bu sözləri AZƏRTAC-a müsahibəsində qırğızıstanlı keçmiş hərbçi, polkovnik Raykan Esenkanov deyib.

Polkovnik bildirib ki, Azərbaycan jurnalistlərin xidməti vəzifələrini yerinə yetirərkən Kəlbəcərdə minaya düşərək həlak olmaları və bir neçə nəfərin yaralanması xəbəri yalnız jurnalistləri deyil, tanıdığım bütün insanları sarsıdıb.

“Mən orada xidmət edəndə zabit yoldaşlarıma da, yerli sakinlərə də başa salmağa çalışırdım ki, bu torpaqlar Azərbaycanındır, toponimlər Azərbaycan türkcəsindədir. Mən hələ o vaxt bilirdim ki, Stepanakert adı ermənilər tərəfindən qoyulub. O şəhərin qədim adı Xankəndidir. O vaxt da ermənilər hay-küy salır, bu ərazilərin onlara məxsus olduğunu sübut etməyə çalışırdılar”, - deyən hərbçi qeyd edib ki, sonradan yerli ermənilər Ermənistanın və digər havadarlarının köməyi ilə Azərbaycan torpaqlarının işğalına başladılar. Dağlıq Qarabağa aid olmayan ərazilər işğal olundu. Ancaq mən bilirdim ki, Azərbaycan nə vaxtsa güclənəcək və öz torpaqlarını işğaldan azad edəcək. Mən bu günü səbirsizliklə gözləyirdim.

R.Esenkanov deyib: “Həmin gün gəldi, Azərbaycan öz torpaqlarını ermənilərin işğalından azad etmək üçün ədalət müharibəsinə başladı. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu torpaqları işğaldan azad etdi, Ermənistan silahlı birləşmələrini ağır məğlubiyyətə uğratdı. Vətən müharibəsi günlərində hər gün Azərbaycan KİV-lərindən informasiyalar alırdım, Prezident İlham Əliyevin müsahibələrini və çıxışlarını izləyirdim. Şəhərlər, kəndlər işğaldan azad olunduqca mən də azərbaycanlılar qədər sevinirdim”.

Polkovnik vurğulayıb ki, Azərbaycan öz torpaqlarını azad edib, indi isə başqa problem meydana çıxıb - torpaqlar minalanıb. Müharibənin başa çatmasından 7 ay keçməsinə baxmayaraq, Ermənistan yalnız bu günlərdə özü də təkcə Ağdam rayonunun minalanmış ərazilərinin xəritəsini Azərbaycana təqdim edib.

Sonda polkovnik Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş Vətən oğullarına Allahdan rəhmət, yaralananlara şəfa diləyib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.