İQTİSADİYYAT
Qırğızıstan Milli Bankının nümayəndələri üçün Azərbaycan Mərkəzi Bankında təcrübə mübadiləsi təşkil olunmuşdur
Bakı, 5 oktyabr (AZƏRTAC). Azərbaycan Mərkəzi Bankında (AMB) statistika sistemi sahəsində Azərbaycan təcrübəsi ilə yaxından tanış olmaq məqsədi ilə Qırğızıstan Respublikası Milli Bankının 5 nəfərdən ibarət nümayəndə heyəti üçün təcrübə mübadiləsi təşkil olunmuşdur.
Mərkəzi Bankın kommunikasiya departamentindən AZƏRTAC-a bildirmişlər ki, təcrübə mübadiləsi zamanı Mərkəzi Bankın Statistika və İnformasiya Texnologiyaları departamentlərinin əməkdaşları AMB-də qurulmuş statistika sistemi, statistik bazanın formalaşdırılması, məlumatların toplanması, emalı və yayımlanması prosesi barədə məlumatları qonaqların nəzərinə çatdırmışlar.
Eyni zamanda, AMB-də uğurla icra olunmuş Elektron Statistika və Analitik Hesabatlılıq Sistemi (ESAHS) haqqında detallı məlumatlar verilmiş, ESAHS-ın iqtisadi və texnoloji bazası işıqlandırılmış, sistemin funksional imkanları barədə nəzəri məlumatlar, praktiki nümayişlər təqdim olunmuşdur.
Nümayəndə heyəti AMB təcrübəsinin faydalı olduğunu vurğulamış, təcrübə mübadiləsinin davam etdirilməsinin vacibliyini bildirmişlər.