SİYASƏT
Qırğızıstan ilə TDƏŞ arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Bişkek, 4 fevral, AZƏRTAC
Qırğızıstanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, nazir Erlan Abdıldayev bu ölkədə işgüzar səfərdə olan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) baş katibi Ramil Həsənov ilə görüşüb.
Görüşdə tərəflər arasında əməkdaşlığın daha da genişləndirilməsi, TDƏŞ-in 2016-cı ildə Çolpon-Ata şəhərində keçiriləcək altıncı Zirvə Görüşü və ikinci Dünya Köçəri Oyunlarına hazırlıq məsələləri müzakirə edilib.
Səfər çərçivəsində Qırğızıstanın təhsil və elm naziri Elvira Sariyeva ilə də görüşdə TDƏŞ ilə nazirlik arasında əməkdaşlığın fəal inkişaf etdiyi vurğulanıb, təhsil nazirlərinin altıncı iclasının təşkili məsələləri müzakirə edilib, təşkilat çərçivəsində şagirdlərin və tələbələrin mübadiləsi, türkdilli dövlətlərin ali məktəbləri arasında əlaqələrin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Nazir bildirib ki, Qırğızıstan türkdilli dövlətlərin universitetləri arasında əlaqələrin inkişafı, elmi kadrların və tələbələrin mübadiləsinə hazırdır.
Görüşdə “XV əsrə qədər ümumtürk tarixi”, orta və ali məktəblər üçün XV əsrdən XXI əsrədək dövrü əhatə edən dərsliyin layihəsi də müzakirə olunub.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek