DÜNYA
Qırğızıstan parlamenti növbədənkənar iclasa toplaşır
Bakı, 26 noyabr, AZƏRTAC
Qırğızıstan parlamentinin deputatları iki millət vəkilini, o cümlədən sabiq spikeri cinayət məsuliyyətinə cəlb etmək üçün noyabrın 26-da növbədənkənar iclas keçirəcək.
AZƏRTAC Qırğızıstan KİV-inə istinadla xəbər verir ki, bu barədə qanunverici orqanın mətbuat xidməti məlumat yayıb.
“Bu gün parlamentin növbədənkənar iclası keçiriləcək. Deputatlar Kurmankul Zuluşev və Asılbek Jeenbekovun cinayət məsuliyyətinə cəlb edilməsinə dair Baş Prokurorluğun sorğusunu nəzərdən keçirmək üçün xüsusi komissiya yaradacaqlar”, - deyə mətbuat xidmətindən bildirilib.
Kurmankul Zuluşev, həmçinin ölkənin sabiq prezidenti Sooronbay Jeenbekovun doğma qardaşı və parlamentin eks-spikeri Asılbek Jeenbekov 1990-cı illərdən bəri kanadalı sərmayəçi tərəfindən işlədilən və ildə 14-16 ton qızıl hasil edən Kumtor mədəni ilə bağlı korrupsiyada şübhəli bilinir. Bu ilin yaz aylarında Qırğızıstan hakimiyyəti mədəndə kənar idarəetmə sistemi tətbiq edib və sərmayədarı faktiki olaraq yatağın idarəçiliyindən uzaqlaşdırıb.
Qeyd edək ki, Qırğızıstan parlamentinin hazırkı tərkibinin səlahiyyət müddəti ötən ilin payızında başa çatıb. Lakin 2020-ci ilin oktyabrında ali qanunvericilik orqanına keçirilən seçkilər kütləvi qanun pozuntuları səbəbindən etibarsız sayıldığı üçün deputatlar bu günədək öz vəzifələrini icra edirlər. Noyabrın 28-də Qırğızıstanda yeni parlament seçkiləri keçiriləcək.