SİYASƏT
Qırğızıstan portalı Cəbrayılın işğaldan azad olunması və ordumuzun əks hücumları ilə əlaqədar material verib
Bişkek, 4 oktyabr, АZƏRTAC
Qırğızıstanın turktoday.info portalı xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində Cəbrayılın və bir neçə kəndinin işğaldan azad edilməsini bildirib.
Dövlət başçısı yazır: “Bu gün Azərbaycan Ordusu Cəbrayıl şəhərini və rayonun bir neçə kəndini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”.
Portal bildirir ki, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qeyd edib ki, Ermənistanın insanların kütləvi şəkildə yaşadığı ərazilərə qadağan olunmuş bombalar atması bu ölkənin terrorçu dövlət olduğunu göstərir.
Hikmət Hacıyev vurğulayıb ki, Ermənistan terrorçu dövlətdir, faşizm xisləti daşıyır. Azərbaycan Ermənistanın hücumlarının heç birini cavabsız qoymur və bu hücumlar adekvat cavabını alır.
Portal yazır: Prezidentin köməkçisi bildirib ki, ordumuzun dəqiq zərbəsi nəticəsində qondarma “Dağlıq Qarabağ respublikası”nın rəhbəri Araik Arutunyan ağır yaralanıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek