SİYASƏT
Qırğızıstan portalı Prezident İlham Əliyevin ADA Universitetində keçirilən beynəlxalq konfransdakı çıxışından sitatlar dərc edib
Bişkek, 13 aprel, AZƏRTAC
Qırğızıstanın “turktoday.info” portalı AZƏRTAC-ın materiallarına istinadla Azərbaycan Prezidenti İlham Əliyevin ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransdakı çıxışından sitatlar dərc edib.
AZƏRTAC xəbər verir ki, portalda dərc olunan yazıda Prezident İlham Əliyevin Qarabağ müharibəsindən sonrakı inkişafla bağlı hələ çoxlu sualların qaldığını bildirdiyi qeyd edilib. Məqalədə Prezidentin sözlərindən sitat gətirilib: Otuz ildir Ermənistanın işğalından əziyyət çəkən Azərbaycan xalqının regionda marağını, eləcə də həmrəyliyini görürük. Biz münaqişədən sonrakı mərhələ barədə danışmazdan əvvəl başa düşməliyik ki, bu ərazilər otuz ildir işğal altındadır.
Dövlət başçısı bildirib ki, Ermənistandakı rejim xarici nümayəndələrin onların törətdikləri viranəlikləri və azərbaycanlılara qarşı nifrətlərini görməsini istəmirdi. Çünki bu dağıntılar və xarabalıqlar Birinci Qarabağ müharibəsindən sonra törədilib. Çünki müharibə zamanı yaşayış məntəqələrini dağıtmaq olmazdı. Onlar bunu Azərbaycan mədəniyyətinin irsini, həmçinin bu əraziləri bizim yaddaşlarımızdan silmək üçün, bu ərazilərin mənşəyini dəyişmək üçün bilərəkdən törədiblər.
Prezident vurğulayıb ki, ermənilər nəhəng istehkamlar, müdafiə xətləri tikməklə bu əraziləri həmişəlik işğalda saxlamaq istəyib. Azərbaycan XXI əsrin müharibəsini aparmaqla yanaşı, mənəviyyat müharibəsi də aparıb.
Dövlət başçısı Rusiya Prezidenti Vladimir Putinlə “İsgəndər-M” raketi ilə bağlı məsələni müzakirə etməsi, ATƏT-in Minsk qrupundan regionda dinc həyatın nizamlanması üzrə təkliflər gözləməsi, Ermənistanın “İsgəndər” raketindən istifadə etməsinin hərbi cinayət olması barədə ətraflı məlumat verib. Həmçinin Pakistanın qarşıdurmanın ilk günündən son gününədək Azərbaycanı açıq şəkildə dəstəkləməsi, Qarabağın Azərbaycan iqtisadiyyatında, eləcə də nəqliyyat sektorunda mühüm yerlərdən birini tutması, Ermənistanın Birinci Qarabağ müharibəsində törətdiyi bir çox cinayətləri gizlətməsi, Azərbaycan-İtaliya əməkdaşlığının münaqişə zamanı və münaqişədən sonrakı vəziyyəti haqqında da bəhs edib.
Portalda dərc olunan yazıda Prezident İlham Əliyevdən daha bir sitat gətirilib: Biz istəyirik ki, gənc nəsil Zəngəzurun tarixi Azərbaycan ərazisi olduğunu bilsin. Zəngəzur 1920-ci ildə, 101 il bundan öncə Ermənistana verilib. Ondan əvvəl bu ərazi bizə məxsus idi. Mən Göyçə deyərkən, onlar hazırda Sevan gölü adlandırırlar. Bu, bir həqiqətdir. XX əsrin əvvəllərindəki xəritəyə baxmaq kifayətdir. Siz oraya baxarkən Sevan görməyəcəksiniz. Siz orada Göyçəni görəcəksiniz. İrəvanla bağlı da eyni məsələdir. Onlar İrəvanın tarixi hissəsini dağıdıblar. Bu, aydın faktdır, mənim əcdadlarım daxil olmaqla, azərbaycanlılar orada yaşayıblar.
Dövlət başçısı çıxışında bildirib ki, hər hansı revanş niyyətinin qarşısı sərt şəkildə alınacaq.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek