SİYASƏT
Qırğızıstan portalında ulu öndər Heydər Əliyev haqqında məqalə yayılıb
Bişkek, 10 may, АZƏRTAC
Qırğızıstanın goldenbridgenews.com portalı AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudovun ulu öndər Heydər Əliyev haqqında rus dilində geniş məqaləsini yerləşdirib.
“Heydər Əliyev: “Mən müsəlman kimi doğulmuşam, müsəlman kimi də yaşamışam” sərlövhəli məqalədə deyilir ki, bu yaxınlarda KİV-də Naxçıvandakı Heydər Əliyev muzeyində qorunan Quranın miniatür nüsxəsinin fotosu çap edilib. Bu Quran ona görə əhəmiyyətlidir ki, bu müqəddəs kitab ümummilli liderə məxsusdur və onu həmişə pencəyinin cibində gəzdirib.
Heydər Əliyevin dinə bağlılığı, İslam dəyərlərinə əhəmiyyət verməsi təsadüfi deyil, xalq öz dini, mənəvi dəyərlərinə hörmət etmirsə, o məhvə məhkumdur.
Ulu Öndərin tez-tez Təzəpir məscidinə getdiyini qeyd edən Yaqub Mahmudov yazır ki, Heydər Əliyev öz nəslinə, ailə mənsubiyyətinə görə İslama bağlıdır.
Müəllif yazır: “Fəxr edirəm ki, Azərbaycan Prezidenti İlham Əliyev də bu yolla gedir. Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin Ramazan bayramı münasibətilə keçirdiyi tədbirlərdə iştirak edir. Bu tədbirlərin birində Prezident İlham Əliyev deyib: “Mən heç vaxt sıx münasibətdə olduğum dostlarımı unutmuram. Mənim vəzifəm dəyişib, lakin insanlara mehriban münasibətim dəyişməyib”.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek