SİYASƏT
Qırğızıstanda Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə tədbir keçirilmişdir
Kant, 27 iyun (AZƏRTAC). Qırğızıstanın Kant şəhərində Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə Bişkekdən gəlmiş qonaqlar, Kant şəhərinin rəsmi nümayəndələri, Azərbaycan diasporunun üzvləri, jurnalistlər iştirak etmişlər.
Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov çıxış edərək demişdir ki, Milli Ordumuzun yaranmasından 96 il keçir. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Milli Ordumuzun yaradılması haqqında tarixi qərar qəbul etmişdir. 1998-ci il mayın 22-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fərmanı ilə 26 iyun Azərbaycanın Silahlı Qüvvələri Günü elan olunmuşdur. Səfir bildirmişdir ki, bu gün Azərbaycan Ordusu bölgədə ən güclü ordudur.
H.Orucov diqqətə çatdırmışdır ki, iyunun 26-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümü münasibətilə Azərbaycan Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Dövlət Sərhəd Xidmətinin birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimi keçirilmişdir. Təlimin əsas mərhələsini izləyən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev çıxışında demişdir: “Azərbaycan güclənir, regionda güc mərkəzidir. Bizim iqtisadi gücümüz hərbi gücə çevrilibdir. Biz bundan sonra da öz hərbi imkanlarımızı artıracağıq, bundan sonra da danışıqlar masasında prinsipial mövqeyimizi gücləndirəcəyik. Bizim prinsipial mövqeyimizin əsas mənbəyi Azərbaycan xalqıdır, onun iradəsidir, Azərbaycan Ordusudur, Azərbaycan əsgəridir. Mən əminəm ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edəcəkdir. Bunu biz bu gün də edə bilərik. Bugünkü təlimlərdə göstərilən peşəkarlıq, bizim texniki imkanlarımız, cəmiyyətdə yaşanan və güclənən vətənpərvərlik ruhu istənilən anda məsələnin tezliklə, hərbi yolla həll edilməsinə şərait yaradır. Düşmən bunu bilir və ona görə qorxu içindədir”.
Səfir, həmçinin Qırğız Xalqları Assambleyasının 20 illiyi münasibətilə keçirilən futbol çempionatında qalib gələn “Azəri” komandasının oyunçularını təbrik etmiş, onlara idman dəstləri təqdim olunmuşdur.
Sonra diplomat tədbir iştirakçılarının suallarına cavab vermişdir.
Mərasim konsert proqramı ilə davam etmişdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Kant