CƏMİYYƏT
Qırğızıstanda “Azərbaycan haqqında nə bilirəm” yazı müsabiqəsi keçirilir
Bişkek, 18 iyun, АZƏRTAC
Azərbaycanın Xarici İşlər Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, ölkəmizin Qırğızıstandakı səfirliyinin birgə təşkilatçılığı ilə Bişkekdə “Azərbaycan haqqında nə bilirəm” yazı müsabiqəsi keçirilir.
Müsabiqə “Heydər Əliyev: Azərbaycanın Ümummilli Lideri”, “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin reallıqları”, ”Azərbaycanın tarixi, incəsənəti, mədəniyyəti”, ”Azərbaycanın əhalisi, dili, adət-ənənələri”, ”Beynəlxalq siyasətdə Azərbaycanın rolu”, ”Azərbaycan-Qırğızıstan: tarixi əlaqələr və perspektivlər”, ”Azərbaycanın iqtisadi inkişafı”, ”Azərbaycanın neft və qaz strategiyası”, ”Azərbaycan qədim mənbələrdə” mövzuları üzrə keçirilir.
Səfirliyin yaydığı məlumata görə, müsabiqədə 18-29 yaşlarında olan Qırğızıstan vətəndaşları iştirak edə bilər. Material 2500 sözdən artıq olmamalı, yazı rus və ya ingilis dillərində yazılmalıdır.
Müsabiqədə ilk beş yeri tutanlar bu ilin avqust-sentyabr aylarında Azərbaycana səfər etmək imkanı qazanacaqlar.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek