MƏDƏNİYYƏT
Qırğızıstanda MDB və Baltik ölkələrinin gənc rəssamları üçün ustad dərsləri keçirilib
Bişkek, 25 sentyabr, AZƏRTAC
Qırğızıstandakı İssık-Kul gölünün sahillərində MDB və Baltik ölkələri ali rəssamlıq məktəblərinin tələbələri üçün ustad dərsləri keçirilib.
Tədbirdə Azərbaycan, Belarus, Rusiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Maldova və Baltik ölkələrindən gələn gənc rəssamlar iştirak ediblər.
Doqquz gün ərzində gənc rəssamlar İssık-Kul gölünün sahillərindəki tarixi və mədəniyyət abidələri ilə tanış olub, təbiətin gözəlliklərinə baxıb, təcrübə mübadiləsi aparıb və yeni əsərlər yaradıblar.
Layihənin sonunda “MDB ölkələrinin gənc rəssamları və əməkdaşlığın perspektivləri” mövzusunda “dəyirmi masa” keçirilib, Qırğızıstanın tanınmış rəssam və sənətşünasları gənclərlə fikir mübadiləsi aparıb, onlara müxtəlif məsləhətlər veriblər. Layihə çərçivəsində Qırğızıstan rəssamlıq məktəblərinin tələbələri ilə müxtəlif görüşlər də keçirilib.
Tədbirin əlaqələndiricisi Damira Alışbaeva jurnalistlərə bildirib ki, Bişkekdəki Q.Aytiyev adına Milli Tətbiqi İncəsənət muzeyində layihədə iştirak edən gənc rəssamların əsərlərindən ibarət sərgi də açılacaq.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek