ELM VƏ TƏHSİL
Qırğızıstanda keçirilən beynəlxalq elmi konfransda gənc alimlərimizin məruzələri dinlənilib
Bakı, 21 sentyabr, AZƏRTAC
Qırğızıstanın paytaxtı Bişkek şəhərində “MDB ölkələrinin inteqrasiyalı inkişaf imkanları: tədqiqatçıların və ekspertlərin dialoqu” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bir qrup gənc alim və mütəxəssis təmsil edib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, Qırğızıstan Milli Elmlər Akademiyası (QMEA) İqtisadiyyat İnstitutunun və MDB Ölkələri Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan, Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Özbəkistan, Moldova və Qırğızıstandan alimlər, ekspertlər və gənc tədqiqatçılar iştirak ediblər.
QMEA-nın vitse-prezidenti və müxbir üzvü Osman Toqusakov konfransın işinə uğurlar arzulayıb.
Tədbirdə “Azərbaycan iqtisadiyyatı: iqtisadi inkişaf və nailiyyətlər” mövzusunda məruzə ilə çıxış edən AMEA İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, iqtisad elmlər doktoru Sevda Mikayılova bu il 100 illiyini qeyd edən Azərbaycan Respublikasının keçdiyi tarixi inkişaf yolundan danışıb. O, məruzəsində bu gün Azərbaycanda uğurla həyata keçirilən enerji, neft-qaz, nəqliyyat, infrastruktur, böyük investisiya layihələri barədə məlumat verib, ölkəmizin regiondakı rolunu, Avropa və Asiya ilə genişlənən əlaqələrinin əhəmiyyətini xüsusi vurğulayıb.
AMEA İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Mahir Zeynalov “Biznes mühitinin yaxşılaşdırılması və sahibkarlığın inkişafı meyilləri” mövzusunda təqdimatla çıxış edib. O, son illər Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması sahəsində aparılan islahatlar və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə əlaqədar qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsi sahəsində həyata keçirilən tədbirlərdən danışıb. Diqqətə çatdırılıb ki, aparılan islahatların nəticəsi olaraq ölkədə biznes mühiti yaxşılaşır, sahibkarlıq fəaliyyəti inkişaf edir və iqtisadiyyatın bütün sahələrində özəl sektorun xüsusi çəkisi artır.
“Texnoparkların fəaliyyətinin əsas xüsusiyyətləri və problemlər” mövzusunda məruzə ilə çıxış edən iqtisad üzrə fəlsəfə doktoru Mətanət Abdalova müasir texnoparklar və bu sahədəki dünya təcrübəsindən bəhs edib. O, həmçinin son illər Azərbaycanda yaradılan texnoparkların başlıca xüsusiyyətləri, qarşılaşdıqları əsas problemlər və inkişaf perspektivləri barədə məlumat verib.
AMEA Elm Tarixi İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cavidan Qasımlı isə Azərbaycan və Mərkəzi Asiya ölkələrinin iqtisadi əlaqələrinin tarixi, birgə həyata keçirilən regional layihələr, ticarət dövriyyəsi və gələcək inkişaf perspektivləri barədə məruzə ilə çıxış edib.
Konfransda təmsil olunan digər ölkələrin ekspertlərinin MDB dövlətləri arasında iqtisadi əlaqələrin genişləndirilməsi perspektivləri və iqtisadi inteqrasiya imkanlarına dair məruzələr dinlənilib, müzakirələr aparılıb.
Sonda beynəlxalq konfransda fəal iştirak edən məruzəçilərə QMEA-nın İqtisadiyyat İnstitutu tərəfindən sertifikatlar təqdim olunub.