SİYASƏT
Qırğızıstandakı “Azəri” Mədəniyyət Mərkəzi tərəfindən Zəfər Günü qeyd olunub
Bişkek, 12 noyabr, АZƏRTAC
Qırğızıstandakı “Azəri” Mədəniyyət Mərkəzi Zəfər Günü münasibətilə tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, mərasimdə Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov, ölkə parlamentinin deputatları, digər dövlət strukturlarının nümayəndələri, milli mədəniyyət mərkəzlərinin rəhbərləri və təmsilçiləri, Azərbaycan diasporunun üzvləri, jurnalistlər iştirak ediblər.
Əvvəl Qırğızıstanın və Azərbaycanın Dövlət himnləri səslənib, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub.
“Azəri” Mədəniyyət Mərkəzinin sədri Əzizağa Əliyev 44 günlük Vətən müharibəsi haqqında məlumat verib, Qələbənin qazanılmasında Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əsgər və zabitlərimizin şücaətindən danışıb. Bildirib ki, Azərbaycan ərazilərinin işğaldan qeyd-şərtsiz azad edilməsi ilə əlaqədar BMT TŞ-nin dörd qətnaməsinin olmasına baxmayaraq, 30 ilə yaxın torpaqlarımız erməni əsarətində qalıb. Ali Baş Komandanın qətiyyəti sayəsində Azərbaycan torpaqları cəmi 44 gün ərzində azad olundu.
Sonra Əzizağa Əliyev Lətif Qəndilovu salona toplaşanlara təqdim edib. O deyib ki, təcrübəli diplomat olan L.Qəndilov bundan əvvəl Qazaxıstanda, Çində və Belarusda səfir işləyib.
L.Qəndilov bildirib ki, Zəfər Günü ilə bağlı belə bir tədbirdə iştirak etməkdən qürur duyur. “Bilirəm ki, Azərbaycanın 44 günlük Vətən müharibəsini Qırğızıstanda böyük həyəcanla izləyiblər. Mən bunun üçün Qırğızıstanın rəhbərliyinə və xalqına minnətdarlığımı bildirirəm. Bu ədalətli müharibədə Türkiyə və Pakistan da Azərbaycanın yanında olub, bizə siyasi və mənəvi dəstək verib”.
Səfir Azərbaycanın iqtisadi inkişafından, neft strategiyasından danışıb, Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri haqqında məlumat verib. Deyib ki, ölkəmiz beynəlxalq nəqliyyat habına çevrilib və bu istiqamətdə fəaliyyət davam edir.
Sonra Əzizağa Əliyev Lətif Qəndilova “Qırğızıstan xalqı-vahid ailə” kitabını hədiyyə edib.
İctimai xadim Kurmanbek Osmonov Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Bildirib ki, böyük siyasi xadim Heydər Əliyevlə və Azərbaycan Prezidenti İlham Əliyevlə bir neçə dəfə görüşüb.
Məktəb direktorları, soydaşlarımız Flora Xəlilova və Alla Qurbanova ermənilərin məkrli planlarını pisləyiblər.
Tədbirin bədii hissəsində Bişkekdəki “Manas” Universitetinin İncəsənət fakültəsinin Baş müəllimi Səbahəttin Sivrikayanın ifasında “Qarabağa salam” klipi göstərilib, digər musiqi nömrələri səslənib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek