SİYASƏT


Qırğızıstanın Çolpon-Ata şəhərində Türkdilli Ölkələrin Parlament Assambleyasının XI plenar iclası keçirilib

Bakı, 24 iyun, AZƏRTAC

İyunun 24-də Qırğızıstan Respublikasının Çolpon-Ata şəhərində Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) XI plenar iclası keçirilib. Milli Məclisin sədri Sahibə Qafarova iclasda “Parlament diplomatiyası – etimad və tərəfdaşlığın əsası” mövzusunda çıxış edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Sahibə Qafarova deyib ki, XI plenar iclas uzun illər ərzində formalaşmış qlobal dünya nizamını və beynəlxalq qaydaları təhdid edən gərgin geosiyasi proseslərin cərəyan etdiyi bir vaxta təsadüf edir. Şübhəsiz ki, bu proseslər dost və qardaş ölkələrimizi, xalqlarımızı narahat edir, qüvvələrimizin birləşdirilməsi zərurətini ortaya qoyur. Digər tərəfdən, türk dövlətlərinin coğrafi-strateji əhəmiyyətinin artması da türk xalqları ailəsinin üzvləri arasında sıx birliyin və əməkdaşlığın vacibliyini ön sıraya çıxarır. Milli Məclisin sədri qeyd edib ki, Türk dünyasının mütəfəkkir insanlarını həmişə düşündürən türk həmrəyliyi ideyası artıq real cizgilər kəsb etməyə başlayıb. Türk birliyinin inkişafına həm hökumət, həm də parlament səviyyəsində dəstək verilməsi xalqlarımızın mütəşəkkil bir qüvvə kimi formalaşmasında mühüm rol oynayır. İnamla söyləmək olar ki, eyni kökdən olan, ortaq milli-mədəni dəyərləri bölüşən dost və qardaş xalqlarımızın parlament məclisinin fəaliyyətinin əhəmiyyəti ölkələrimizin yerləşdiyi məkanın hüdudlarından kənara çıxır.

Sahibə Qafarova bildirib ki, müasir dövrdə parlament diplomatiyasının mühüm aləti olan beynəlxalq parlament təşkilatları geniş problemlər kompleksinə uzlaşdırılmış yanaşmaların hazırlanmasına xidmət edən səmərəli vasitədir. Parlament birlikləri dövlətlərin siyasi birliyinin təmin edilməsinin işlək mexanizmi hesab edilməlidir. Bu baxımdan, Türk Dövlətləri Parlament Assambleyasının ötən illər ərzində fəaliyyəti ilə xalqlarımızı bir-birinə daha sıx bağlamağın səmərəli bir vasitəsi kimi özünü göstərə bildiyini qeyd edən Milli Məclisin sədrinin sözlərinə görə, Assambleya çərçivəsində iş birliyi dövlətlərimiz arasında siyasi, iqtisadi, mədəni və digər əlaqələrin daha da dərinləşməsinə, etimad və tərəfdaşlıq mühitinin inkişafına şərait yaradıb.

Daha sonra Milli Məclisin sədri bildirib ki, TÜRKPA-nın üzvü olan parlamentlərimiz öz ölkələrinin siyasi və ictimai həyatında önəmli rol oynayırlar. Onların vahid bir assambleya halında fəaliyyəti ümumi məqsədlərimizin həyata keçirilməsi yollarına dair baxışların formalaşmasına kömək göstərir. TÜRKPA tarix, dil və mədəniyyət ümumiliyinin verdiyi imkanlardan istifadə edərək xalqlarımızın və dövlətlərimizin ortaq problemlərinin açıq müzakirəsi üçün əlverişli siyasi dialoq forumu rolunu oynayır. Digər tərəfdən, Assambleyanın fəaliyyəti ölkələrimiz arasında siyasi, ticari-iqtisadi və mədəni-humanitar əlaqələrin inkişafında parlament diplomatiyasının zəngin potensialından istifadə edilməsinə yol açır. Sahibə Qafarova qeyd edib ki, parlamentlərimizin də dəstəyi ilə həyata keçirilmiş və həyata keçirilməsi nəzərdə tutulan ikitərəfli və çoxtərəfli iqtisadi layihələr, qarşılıqlı sərmayə qoyuluşları vahid nəqliyyat-kommunikasiya sisteminin qurulmasına, iqtisadi, energetika, maliyyə, kredit-bank infrastrukturunun yaradılmasına və digər məqsədlərin reallaşmasına yönəlib. O bildirib ki, Xəzər neftini və qazını dünya bazarlarına çıxaran logistika sistemləri Avropanın energetika xəritəsinin mühüm tərkib hissəsinə çevrilib. Regional əməkdaşlığın gözəl nümunələri olan bu cür layihələr dövlətlərimizin və xalqlarımızın tərəqqisinə xidmət etməklə yanaşı, türk ölkələrinin bir-birinə daha da yaxınlaşmasına kömək göstərir.

Çıxışında ötən ilin noyabrında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının İstanbulda keçirilən 8-ci Zirvə Görüşündə alınan mühüm qərarları, o cümlədən bu əməkdaşlıq və tərəfdaşlıq qurumunun “Türk Dövlətləri Təşkilatı” adlandırılmasını türk dövlətlərinin rəhbərlərinin zamanın çağırışlarına adekvat münasibətinin növbəti təzahürü olduğunu xatırladan Milli Məclisin sədri qeyd edib ki, bu mənada, 2020-ci ilin sentyabr-noyabr aylarında 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının əldə etdiyi böyük Zəfər ölkələrimizin bir-birinə daha da yaxınlaşmasına təkan verən amil kimi qiymətləndirilməlidir.

Plenar iclasda Azərbaycanın regionda uzunmüddətli sülh və sabitliyin təmin olunması, ölkələrimiz arasında əməkdaşlığın inkişafı istiqamətində həyata keçirdiyi işlər haqqında da məlumat verən Sahibə Qafarova vurğulayıb ki, torpaqlarımız işğaldan azad olunduqdan dərhal sonra Azərbaycan öz vəsaiti hesabına həmin ərazilərdə genişmiqyaslı quruculuq işlərinə start verib. İşğal dövründə Ermənistan tərəfindən dağıdılmış bütün kənd və şəhərlərimiz, tarixi, mədəni və dini abidələrimiz, bütün infrastruktur yenidən bərpa olunur. “Yaşıl enerji” zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda yeni şəhərlər və kəndlər inşa edilir. Artıq bu ildən etibarən keçmiş məcburi köçkünlərin öz evlərinə geri qaytarılmasına başlanacaqdır.

Milli Məclisin sədri bildirib ki, həyata keçirilən işlərə ən böyük maneə işğaldan azad edilmiş torpaqlarda Ermənistan tərəfindən basdırılmış çoxsaylı minalardır. 2020-ci il noyabrın 10-dan etibarən, mina partlayışları nəticəsində 210-dan çox mülki şəxs və hərbçi həlak olub və yaralanıb. Azərbaycan dünyanın ən çox minalanmış ölkələrindən biri olsa da, hələ də bu istiqamətdə ən az beynəlxalq yardım alan ölkələrdən biri olaraq qalır.

Sahibə Qafarova diqqətə çatdırıb ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi regionumuzda yeni reallıqlar və yeni perspektivlər ortaya çıxarıb. O, xüsusilə vurğulayıb ki, əldə edilmiş razılaşmalara uyğun olaraq, yeni nəqliyyat infrastrukturu olan Zəngəzur dəhlizinin açılması türk dünyasının coğrafi bağlantısının bərpası və nəticə etibarilə ölkələrimiz arasında əməkdaşlığın daha da gücləndirilməsi yolunda mühüm bir addım olacaqdır. Hazırda Azərbaycan regionda möhkəm sülh, təhlükəsizlik və əməkdaşlığın təmin edilməsi istiqamətində səylərini davam etdirir. Məhz 30 il ərzində Ermənistanın işğalı ilə üzləşmiş və müharibədə Qələbə qazanmış Azərbaycan sülh təşəbbüsləri ilə çıxış edir. Çünki biz artıq müharibədən deyil, sülhdən, əməkdaşlıqdan danışmaq istəyirik. Sahibə Qafarova ümid etdiyini bildirib ki, Ermənistan tərəfi öz üzərinə düşən öhdəliyi yerinə yetirərək, Azərbaycanla XXI əsrə yaraşan sivil ikitərəfli münasibətlər qurmaq istiqamətində real və konstruktiv addımlar atacaqdır.

Çıxışının sonunda Sahibə Qafarova deyib ki, Türk Dövlətləri Parlament Assambleyası çərçivəsində iş birliyinin böyük potensialı var. O, bu potensialın xalqlarımızın və ölkələrimizin ümumi maraqlarının təmin edilməsinə yönələn yeni işlərdə təcəssümünü tapacağına əminliyini ifadə edib.

XI plenar iclasda, həmçinin Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, Qazaxıstan Respublikası Parlament Məclisinin sədri Yerlan Koşanov, Qırğız Respublikası Joqorku Keneşinin sədri Talant Mamıtov, Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva, Türkmənistan Milli Şurasının Xalq Məsləhətinin sədr müavini Kasımqulı Babayev, Macarıstan Milli Assambleyasının nümayəndə heyətinin rəhbəri Şandor Lejak və türk əməkdaşlıq təşkilatlarının nümayəndələri çıxış ediblər.

Daha sonra iclasda bir sıra təşkilati məsələlərə baxılıb və müvafiq qərarlar qəbul olunub. İclasda, həmçinin təşkilatın adının Türk Dövlətləri Parlament Assambleyasına dəyişdirilməsi haqqında protokol imzalanıb. TÜRKPA-nın XI plenar iclası Çolpon-Ata Bəyannaməsinin qəbulu ilə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.